Maksim Medvedev: Onun dediyi ilə razıyam
26.03.2011 - 13:46
Maksim Medvedev: Onun dediyi ilə razıyam
“Zədəm həqiqətən də qeyri-adi alındı. Fərqli vasitələrdən istifadə olunsa da, zədəni müəyyənləşdirmək mümkün olmurdu. Ümumi qənaət bundan ibarət oldu ki, sadəcə zamana ehtiyac var”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Maksim Medvedev deyib.

Zədədən əziyyət çəkən gənc müdafiəçi artıq komandası ilə birgə hazırlıqda iştirak edir. Ağdam klubunun rəsmi saytına açıqlama verən Medvedev bildirib ki, 3 həftəyə əvvəlki formasını bərpa edəcək: “Zədəmin sağalması üçün 6 həftəlik zaman lazım idi. İndi artıq kollektivlə məşqlərə başlamışam. Həkimlərin sözlərinə görə, ayağımda hələ ağrılar olacaq. Demək olar ki, artıq ağrılara alışmışam. Əsas sağalma mərhələsi artıq arxada qalıb. 3 həftəyə tam hazır olacağam”.

Bu il meydan çıxmayan Maksim futbol oynamaq üçün darıxdığını bildirib: “Artıq 3 aydır futboldan uzaq düşmüşəm. Belə hal karyeramda ilk dəfə baş verir. Futbol üçün darıxmışam. Almaniyada olarkən oyunlarımızı izləyə bilməsəm də, saytımız vasitəsi ilə görüşləri onlayn izləyirdim. Sevinirəm ki, komandamız ardıcıl qələbələrlə 2-ci pilləyə yüksəlib. “Qarabağ” son illərdə yüksəlişdədi. Yerimin görsənməyi barəsində isə nəsə deməyim düzgün deyil. Komanda qələbələr qazanırsa konkret futbolçunu fərqləndirmək düzgün deyil. Hazırda mənim mövqeyimdə Qara Qarayev uğurla çıxış edir. Zaur Həşimov da həmin yerdə oynamağı bacarır. Biz kollektiv futbol oynadığımız üçün meydanda kimin olmasının elə də önəmi yoxdu. Kim meydana çıxırsa var gücünü, deyərdim ki, ürəyini meydanda qoyur”.

Medvedev “Qarabağ”ın qarşıdakı oyunlarını da dəyərləndirib: “Qarşıda bizi bir-birindən çətin 8 oyun gözləyir. Son 9 oyunda qələbə qazanmışıq. Hamı bizim seriyanın taleyi ilə maraqlanır. Amma keçən dəfə Rəşad Sadıqov demişdi ki, seriya haqqında fikirləşmək bizə 3 xal verməyəcək. Onun dediyi ilə razıyam. Axı, bütün seriyalar nə zamansa başa çatır. Ona görə də, hər oyuna xüsusi hazırlaşırıq. İnanıram ki, payızda düşdüyümüz böhran bir daha təkrarlanmayacaq. İndi heyətimizin yetərincə geniş olduğunu düşünürəm. Ona görə də sonuncu tura qədər “Qarabağ”ın uğurlu çıxış edəcəyini düşünürəm”.