“Qəbələ” 11-ci yeri tutdu
28.03.2011 - 09:44
“Qəbələ” 11-ci yeri tutdu
“Qəbələ”nin 15 yaşadək futbolçulardan ibarət komandası Rusiyanın Soçi şəhərində keçirilən tanınmış futbolçu və məşqçi Bubukinin xatirəsinə həsr olunmuş turnirə yekun vurub. Apasport.az saytının xəbərinə görə, A qrupunda yer alan təmsilçimiz bu mərhələdə “Torpedo” Vladimir (Rusiya), UGİM Vladivastok (Rusiya) və “Yunost” Vladiqafqaz (Rusiya) komandaları ilə mübarizə aparıb.

İlk matçda “Torpedo” ilə üzləşən “Qəbələ” 0-1 hesabı ilə məğlub olub. Məğlubiyyətdə Vəzir Musayevin qırmızı vərəqə alması böyük rol oynayıb. Növbəti görüşdə UGİM Vladivastokla münasibətlərinə aydınlıq gətirən “Qəbələ” meydançanı 2-0-lıq qalibiyyətlə tərk edib. Rəqibin qapısından topları Ehtiram Şahverdiyev və Həsi Hümbətli keçirib.

Medallar uğrunda mübarizə baxımından önəm daşıyan matçda “Qəbələ” hər iki görüşdə qələbə qazanmış “Yunost” ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən oyunda həmyerlilərimiz yüksək əzmkarlıq nümayiş etdirsələr də, məğlubiyyətdən yaxa qurtara bilməyiblər – 3:4. Təmsilçimizin heyətində Ehtiram Şahverdiyev, Yusif Dilanov və Qismət Alıyev fərqlənib.

Bununla da qrupda 3-cü yeri tutan komandamız 9-12-ci yerlər uğrunda mübarizəyə qoşulub. İlk görüşdə Çeçenistan “Pobeda”sı ilə qarşılaşan həmyerlilərimiz matç sonrası penaltilərlə məğlub olublar – 0:2. Oyunun əsas vaxtı 1-1 hesabı ilə bitib. Qol Yusif Dilanovun aktivinə yazılıb. “Qəbələ” turnirdə son matçında “Zvezda” Znamensk (Rusiya) ilə üz-üzə gəlib. Ehtiram Şahverdiyevin dublu komandamızın qələbəsini təmin edib və qarşılaşma 2-1 hesabı ilə yekunlaşıb. Bu qələbədən sonra “Qəbələ” turnirdə özünə 11-ci yeri təmin edib.