“Komanda oyunu göstərib, nəticə qazanmaq niyyətindəyik”
28.03.2011 - 14:43
“Komanda oyunu göstərib, nəticə qazanmaq niyyətindəyik”
“Mən kapitanımız Rəşad Sadıqovun sözlərinə dəstək verirəm. Bu təlim-məşq toplanışımız yaxşı keçdi. Almaniyada 7 gün, sonradan isə Belçikada yaxşı hazırlıq keçirik”. Apasport.az saytının Brüsselə ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri Azərbaycan yığmasının futbolçusu Elvin Məmmədov deyib.

“Qarabağ”ın yarımmüdafiəçisi hazırlığın bəhrəsini Belçika ilə sabahkı rəsmi oyunda görmək istəyir: “Hər şey bizdən ötrü yüksək səviyyədə hazırlanıb. İnşallah, bunu oyunda təqdim etmək lazımdır. İstədiyimiz nəticəni qazanmaq üçün komanda şəklində əlimizdən gələni etməyə hazırıq”.

Millimizin son yoldaşlıq görüşü olan Macarıstan yığması ilə Dubaydakı yoldaşlıq görüşündə Elvinin sona kimi ehtiyatda qalması müzakirə mövzusu oldu. Üstəlik, Məmmədov bir oyun qurucusu, azsaylı yaradıcı futbolçulardan biri kimi meydanda olması daha məqsədəuyğundur.

Təbii ki, bu, nəticə qazanmaqda böyük rol oynaya bilər. Elvin baş məşqçi Berti Foqtsun işinə qarışmaq istəmir: “Start heyətimiz tam bəlli deyil. Baş məşqçi mənə güvənərsə, şans verərsə, əlimdən gələni edəcəyəm. Komandama kömək etmək istəyərəm. Elvin, yaxud başqası oynadı, fərqi yoxdur. Bu, sırf futbolçudan asılı olan şey deyil. Bu, baş məşqçinin tapşırığıdır. O, başqa heyət qura bilər. Biz baş məşqçinin işinə qarışa bilmərik”.


Mehman SÜLEYMANOV