Arif Əsədov: Bu, bir prosesdir
29.03.2011 - 11:05
Arif Əsədov: Bu, bir prosesdir
“Bu gün heyətdə zədəli futbolçumuz yoxdur. Emil Mpenza və Amid Quluzadə artıq tam sağalıblar və komandanın hazırlıqlarında iştirak edirlər. Mpenza bugünkü oyunda da meydana çıxacaq. Ancaq 10 futbolçumuz müxtəlif yığmaların düşərgəsindədir. Onların durumu haqda kluba döndükdən sonra nəsə deyə bilərəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.

Bazar günü Premyer Liqada “Qarabağ”la çətin qarşılaşmaya çıxacaq “Neftçi” yığmanın oyunu ilə əlaqədar yaranmış fasilədən maksimum istifadə etməyə çalışır. Hazırlığını klubun bazasında həyata keçirən paytaxt təmsilçisi tam heyətlə məşq edə bilmir. Çünki 10 futbolçu müxtəlif yığmaların düşərgəsindədir.

Buna baxmayaraq, baş məşqçi futbolçuların hazırlığından razıdır: “Məşqdə çox həvəslə çalışırlar. Hələ tam heyətlə məşq etmirik. Əvəzedici komandadan bir neçə futbolçunu hazırlığa cəlb etmişik. Bu günə qədər gündə 2 məşq keçirdik. Yükləmələr olurdu. “Simurq”la matçdan sonra isə bir məşqə keçəcəyik və sırf “Qarabağ”la oyuna hazırlaşacağıq”.

Əvəzedici komandadan cəlb edilən futbolçular haqda danışarkən Əsədov onlar arasında mövsüm başa çatdıqdan sonra seçim edəcəklərini deyib: “Onları bu gün əsas heyətə götürmək üçün məşqlərə qatmamaışıq. Bu, bir prosesdir. Ab-havaya öyrəşmələrini istəyirik. 7-8 belə futbolçu var. Mövsüm başa çatdıqdan sonra, aralarında seçim edəcəyik”.