Samir Abasov: Səhv özümdə oldu, gərək gözləyəydim
29.03.2011 - 12:31
Samir Abasov: Səhv özümdə oldu, gərək gözləyəydim
“Hazırda məşq etməklə yanaşı, müalicəmi də davam etdirirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun yarımmüdafiəçisi Samir Abasov deyib.

Yığmamızın Almaniyada keçirilən toplanışına cəlb edilən, amma zədəli olduğu üçün sonradan baş məşqçi Berti Foqts tərəfindən heyətdən kənarlaşdırılan futbolçu müalicəsini sağaltmaq üzrədir. Artıq Ağdam təmsilçisinin heyətində hazırlığa başlayan Abasov bildirib ki, çempionatda yaranan fasilə onun xeyrinə olub: “Həftəsonu meydana çıxıb-çıxmayacağım 2-3 günə bilinəcək. Sabahdan etibarən komanda ilə birgə məşqlərə qatılacağam. Daha doğrusu, qatılmışam, sadəcə, bəzi məqamlarda məşqə kənardan baxırdım. Özümü gözləyirdim. Hər şey AZAL-la oyunda oldu. Sona 20 dəqiqə qalmış meydana çıxdım və zədəm yenidən ağırlaşdı. Səhv özümdə oldu, gərək gözləyəydim. Ancaq bu istirahətin xeyrimə olduğunu da deyə bilərəm”.

Futbolçu bu gün baş tutacaq Belçika – Azərbaycan görüşü barədə də danışıb: “Avstriya-Belçika matçından çox şey gözləyirdim. Yəni, bugünkü rəqibimizin büdrəyəcəyini və bunun bizim xeyrimizə olacağını düşünürdüm. Onlar da Vyanadan qələbə ilə döndülər. Həddindən artıq çətin oyun olacaq. Necə olacaq, Allah bilir”.