“Xəzər Lənkəran”da hamı qol vurdu - YENİLƏNİB
29.03.2011 - 16:48
“Xəzər Lənkəran”da hamı qol vurdu - YENİLƏNİB

“Xəzər Lənkəran” klubu bu gün yoxlama görüşü keçirib. Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən yararlanan cənub təmsilçisi əvəzedici heyəti ilə qarşılaşıb.

Lənkəran şəhər Mərkəzi stadionunda keçirilən görüş məhsuldarlığı ilə diqqət çəkib. Belə ki, Mirça Rednikin yetirmələri bir sıra aparıcı oyunçularının milli komandalara yollanmasına baxmayaraq, rəqibini darmadağın edib – 7:0. Hristu Kyakunun dubl etdiyi görüşdə digər qolların hərəsinə bir oyunçu imza atıb. Fərqlənənlər arasında əsas heyətə düşməkdə çətinlik çəkən Tural Cəluilov da olub.

Qeyd edək ki, Azərbaycan yığmasının heyətində olan Kamran Ağayev və Rahid Əmirquliyev bu axşam Belçikada keçiriləcək oyunda iştirak edəcəyindən əvəzedicilərə qarşı forma geyməyib.

Albaniya millisinin oyununa cəlb edilmiş Elvin Beciri artıq komanda ilə birlikdə olub. Afrika Millətlər Kubokunun seçmə oyununa yollanmış Julius Vobayın bu gün heyətə qoşulacağı gözlənilir.

“Xəzər Lənkəran” – Əvəzedicilər (“Xəzər Lənkəran”) - 7:0
QOLLAR: Hristu Kyaku, 2; 39; Alim Qurbanov, 11; Adrian Pits, 52; Uinston Parks, 61; Tural Cəlilov, 63; Katalin Doman, 75