Mehman Allahverdiyev: Gəlin, sizə bir faktı deyim
29.03.2011 - 13:45
Mehman Allahverdiyev: Gəlin, sizə bir faktı deyim
“Komanda ilə bağlı planlarımız böyükdür. Yayda klub prezidenti ilə görüşüb, büdcəni müəyyənləşdirəcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun baş məşqçisi Mehman Allahverdiyev deyib.

Premyer Liqanın XXIV turunda “Simurq”a məğlubiyyətdən sonra istefaya göndərilən Fuad İsmayılovun əvəzinə baş məşqçi postuna təyin edilən təcrübəli mütəxəssis həftəsonu yeni komandası ilə ilk oyununa çıxacaq. Sonuncu dəfə “Kəpəz”in baş məşqçisi kimi çempionat oyuna çıxan Allahverdiyev 5 illik fasilədən sonra bu dəfə Gəncənin eyniadlı komandasının sükanı arxasında debüt edəcək.

“Qəbələ” ilə oyundan qələbə ilə ayrılmağı düşünən məşqçi komandadakı ab-havadan da danışıb: “Psixoloji hazırlıq çox zəif idi. Bunun üzərində işlədik. Kamerunlu, eləcə də gürcüstanlı legionerlərimiz 10 gündür ölkələrində idilər. Oyuna qədər onları hazırlamalıyıq. Bilirsiz, bu komandanı nə Allahverdiyev, nə də Vidadi Rzayev qurub. Çalışırıq ki, toparlayıb qalan oyunlarda yaxşı nəticə qazanaq. Amma yayda büdcəmiz məlum olduqdan sonra iddialı komanda formalaşdıracağıq. Təbii ki, seçim zamanı yerli futbolçulara üstünlük verəcəyik. Çünki biz Azərbaycan futbolu üçün çalışırıq. Yığmamıza kömək etməliyik”.

Son zamanlar komandada çirkin oyunların getməsi barədə müxtəlif səpkili xəbərlər dolaşır. Allahverdiyev isə bunun əsassız olduğunu vurğulayıb: “Guya futbolçular qəsdən uduzurdular ki, baş məşqçi dəyişsin? Bəyəm, klubun prezidentinin buna səlahiyyəti çatmırdı? Gəlin, sizə bir faktı deyim. “Gəncə” autsayder hesab edilən “Turan” və “Simurq”la 6 dəfə görüşüb. 18 mümkün xaldan cəmi 3 xal qazanıb. Bu, hələ autsayderlərlə oyunlarda qazanılan nəticədir. Düşünürəm ki, gələn mövsüm “Gəncə” öz əzəmətini geri qaytaracaq”.

Rüstəm MİKAYILLI
0