Əfran İsmayılov: Qələbə qazanmasaq, dünyanın sonu olmayacaq
29.03.2011 - 15:30
Əfran İsmayılov: Qələbə qazanmasaq, dünyanın sonu olmayacaq
“Neftçi” ilə oyuna digər komandalara qarşı olduğu kimi yanaşırıq. Düzdür, tam heyətlə məşq edə bilmirik. Amma belə duruma alışmışıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun futbolçusu Əfran İsmayılov deyib.

Gənc yarımmüdafiəçisi “ağ-qaralar”la Premyer Liqanın XXV turunun oyunu ərəfəsində matçla bağlı fikirlərini açıqlayıb: “Neftçi” cari mövsüm olduqca uğurlu çıxış edir. Çətin oyun olacaq. Artıq “Neftçi” ilə matçda zədələndiyim hadisəni unutmuşam. Zədə futbolun ayrılmaz hissəsidir. Belə baxanda, zədələndiyim epizodda “Neftçi”nin oyunçusunun günahı yox idi. Artıq bazar günü baş tutacaq qarşılaşmanı fikirləşirəm”.

Əfran “Qarabağ”ın 9 oyunluq qələbə seriyası haqqında da danışıb: “Artıq təsnifat mərhələsini unutmuşuq. Final mərhələsinin ilk 2 turunda qələbə qazanmağımızı daha çox qiymətləndirirəm. Bu bir psixoloji üstünlükdür. “Neftçi”nin də oyuna qələbə üçün çıxacağını fikirləşirəm. Amma bizim daha istəkli olduğumuzu düşünürəm. Çünki biz çempionluğu daha çox istəyirik. Hər halda, mən öz komandamızın yanğısını bilirəm. Amma “Neftçi”ylə oyun heç də həlledici deyil. Qələbə qazanmasaq, dünyanın sonu olmayacaq”.

Premyer Liqada cari mövsüm 1 dəfə fərqlənən Əfran bakılılarla oyunda qol vurmaq barədə də fikirlərini bildirib: “Təbii ki, bu matçda da qol vurmaq istərdim. Amma komandamın qələbəsinə üstünlük verirəm. “Neftçi” ilə oyun elə olacaq ki, bir qol həlledici ola bilər. “Neftçi” lider olaraq hücuma üstünlük verəcək, qələbə qazanmağa çalışacaq. Ona görə yüksək zövqlü oyun olacaq. Azarkeşlərimiz hər yerdə bizə dəstək verir. Amma istəyirəm ki, stadiona da gəlib bizi dəstəkləsinlər. Oyunumuza nə qədər çox azarkeş gəlsə, bir o qədər yaxşı oynayacağıq. Ona görə də bütün “Qarabağ” azarkeşlərini bazar günü Respublika stadionuna çağırıram”.