“Allah Azərbaycan yığmasının oyunçularını qorusun”
29.03.2011 - 23:00
“Allah Azərbaycan yığmasının oyunçularını qorusun”
“Futbolçularımızın ikisinin – Serjao ilə Biro Jadenin Azərbaycan yığmasındakı çıxışlarını da izlədik. Mənim təəssüratlarım əladır: onlar effektli və müsbət mənada fərqləndilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukraynanın “Uraqan” futzal klubunun prezidenti Aleksandr Buben deyib.

Ukrayna Mini Futbol Assosiasiyasında vitse-prezident postunda çalışan Buben Azərbaycan yığmasının ötən ay çıxış etdiyi Avro-2012-nin seçmə oyunlarını izlədiyini bildirib: “Təbii ki, onların yığmada hər oyun qol vurması, meydanda çox vaxt keçirməsi sevindiricidir. Amma mən bu yüksək əhval-ruhiyyənin klubdakı çıxışlarında öz əksini tapmasını arzulayıram. Bunu Ukrayna çempionatında müşahidə etmək, bəhrəsini elə bu mövsümün sonunda görmək istəyirəm”.

Klub prezidenti komandasında çıxış edən oyunçularımızın – milliləşən braziliyalıların gələcək taleyi haqda da danışıb: “Mən onların işinə peşəkar yanaşmasından razıyam. Braziliyalılar ustalıq səviyyələri üzərində daim çalışırlar, vəziyyəti düzgün qiymətləndirə bilirlər. Üstəlik, yüksək texnikaya malikdirlər və ən əsası məsuliyyətlidirlər. Qoy, Allah onları zədələrdən qorusun. Təki həmişə əsas heyətdəki sabit oyunları ilə “Uraqan” azarkeşlərini, rəhbərliyini sevindirsinlər. Bu gün əminliklə deyə bilərəm ki, hər şey elə dediyim yöndə gedir. Lakin onların növbəti mövsümdə də komandamızda qalıb-qalmaması haqda danışmaq tezdir. Bunu pley-off mərhələsinin ən azı yarısı keçildikdən sonra demək olar. Onlar sonadək indiki səviyyədə faydalı olmaqda davam etsələr klubumuzda qalacaqlar. Mən əminəm ki, klubumuz bunda maraqlı olacaq”.