“Qazaxıstan yığmasını da udmasaq, heç nə...”
31.03.2011 - 14:00
“Qazaxıstan yığmasını da udmasaq, heç nə...”
Azərbaycan yığmasının futbolçusu Aleksandr Çertoqanovun apasport.az saytına müsahibəsi

- Belçika yığmasına 1:4 hesabı ilə uduzduğumuz oyunda ilk qol sizin qayda pozuntunuzdan sonra qapımıza təyin edilən cərimə zərbəsindən vuruldu. Həmin epizodda hakimin qərarını haqlı sayırsınız?
- Yox. Bu, səhv qərar idi. Çünki mən topa sürüşmə fəndi etdiyim zaman toxunmuşdum. Bu səbəbdən hesab edirəm ki, orada cərimə zərbəsi yox idi. Ardından 2-ci qolda da hakim səhvi oldu. Rail Məlikov rəqiblə havada mübarizə aparırdı və bu zaman top əlinə dəymişdi. O, bunu qəsdən etmədiyi, əllə oynamadığı halda, penalti verdi. Aydın məsələdir, hakimliyə görə uduzmadıq, Belçika yığması bizdən çox güclüdür. Mən bunu inkar etmirəm.

- Yəni, belçikalıların hakim köməyinə ehtiyacı yox idi.
- Əlbəttə. Əgər Avropa çempionatının final mərhələsinə çıxarmaq istəyirsənsə, niyə nəyinsə hesabına qalib gəlməlisən? Ancaq bütün bunlar bizə bəraət vermir. Rəqib layiqli qələbə qazandı. Belçikanın çox güclü olması göz qabağındadır. Baş hakimin rolu oldu, olmadı – bu, artıq önəmli deyil.

- Siz əvvəldən də Belçika yığmasına qarşı oynamısınız. Həmin yığma ilə indiki arasında fərq böyükdür?
- Belçika yığması çox “artırıb”. Mən 4 il öncə onlarla səfər görüşündə oynamışdım. Onda indikindən qat-qat zəif idi. Yeri gəlmişkən, onda da belçikalılar ilk qolu 1-ci hissədə penaltidən vurdular. Onda meydanda ləng idilər, indi isə çox sürətlidirlər. Son oyunda ikinci hissədə 16 nömrəli futbolçunun (Eden Azar nəzərdə tutulur – red) sürəti, texnikası heyranedici idi.

- Ancaq fakt odur ki, biz Avropada hələ çox zəifik. Bu, daha səfər oyunlarında görünür...
- Bilmirəm, niyə belə alınır. Ola bilər ki, səfərdə azarkeşlərin rəqibə güclü dəstəyi təsirini göstərir, bundan çəkinirik. Dəqiq bilmədiyimdən, cavab verə bilmirəm. Biz topu saxlayanda rəqib güclü müqavimət göstərmirdi, arxaya çəkilib, səhvimizi gözləyirdi.

- Digər tərəfdən, Belçika yığması təzyiqi artıran kimi ya qol vururdular, ya da qapımız qarşısında təhlükəli vəziyyət yaranırdı...
- Ola bilər ki, bəlkə də biz düzgün oynamırdıq.

- Bəlkə problem bəzi futbolçuların öz mövqeyində oynamamağı idi. Elə siz də bu görüşdən fərqli, son oyunlarda başqa mövqedə – yarımmüdafiənin sağ cinahında oynadığınızdan, oyununuz alınmırdı...
- Demək olar həmişə yarımmüdafiənin mərkəzində oynayıram. Bilirsiniz, futbolçunun mövqe dəyişikliyi olur və buna hazır olmalısan. Futbolçunu meydanda hara qoyublarsa, orada da baş məşqçinin tapşırıqlarını yerinə yetirməlidir.

- Azarkeşlərə bu məğlubiyyət və millimizin növbəti oyunları haqda nə deyə bilərsiniz?
- İlk öncə azarkeşlərdən üzr istəyirəm. Növbəti oyunda yaxşı hazırlaşıb, onları sevindirməyə çalışacağıq.

- Növbəti oyun səfərdə Qazaxıstana qarşı olacaq. Belə çıxır ki, əsas məqsəd qalib gəlib, turnir cədvəlində Qazaxıstandan irəlidə olmağımızı sona kimi qorumaqdır...
- Əlbəttə, Qazaxıstan yığmasına qalib gəlməli, sonra Almaniya ilə ev oyununa yaxşı hazırlaşmaq lazımdır. Qazaxıstan yığmasını da udmasaq, heç nə...

Mehman SÜLEYMANOV