Arif Əsədov: Çoxdandır uduzmuruq
01.04.2011 - 15:10
Arif Əsədov: Çoxdandır uduzmuruq
“Qarabağ”ın 9 oyunluq qələbə seriyası bizdə narahatçılıq yaratmır. Ona qalsa, biz də çoxdandır uduzmuruq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.

Azərbaycan Premyer Liqasının növbəti turunda tarixi derbiyə çıxacaq “ağ-qaralar” əzəli rəqiblərindən olan “Qarabağ”ı qəbul edəcək. Ağdam təmsilçisi hələ ötən ilin sonunda uğurlu çıxışa başlayaraq, artıq 4 aydır məğlubiyyət nə olduğunu bilmir.

Əsədovun bildirdiyinə görə, rəqibin belə qələbə seriyası ondan çəkinməyə əsas vermir: “Biz də “Bakı”dan sonra uduzmuruq. Bunun üstündən nə qədər keçdiyini hesablamaq olar. Məncə, belə şeylər əsas deyil və hər iki komanda eyni səviyyədədir. Əlbəttə, komandada qələbələrin davamı gəldikcə, özünəinam artır. “Qarabağ” da bu baxımdan hazırda yüksəlişdədir. Ancaq istənilən halda, biz meydana növbəti qələbəmizi qazanmaq üçün çıxacağıq”.

Gənc çalışdırıcı final mərhələsində oyunların hamısına eyni baxmağın tərəfdarıdır: “Ümumiyyətlə, “altılıq”da oyunları, rəqibləri ayırmıram. Sonradan görüşəcəyimiz AZAL-la oyuna da eyni gözlə baxırıq. Bu, çempionat oyunlarıdır və “altılıq” ən son, vacib mərhələdir. Yəni, ilk mərhələ elə idi ki, xal itirsək belə, “altılığ”a ümid edirdim. Ancaq indi oyunlar getdikcə azalır, çempionat sona yaxınlaşır, istər-istəməz gərginlik artır. Buna görə də hər oyuna ciddi yanaşıb, yaxşı hazırlaşmaq lazımdır. Əlbəttə, çempionluq yolunda əsas rəqiblər üzərində qələbə vacibdir. Bu mənada “Qarabağ”a qalib gəlsək, onlarla xal fərqini 7-yə çatdıracağıq. Bu da bizim üçün üstünlük olacaq”.

Əsədovun sözlərinə görə, çempionatında iki həftəlik fasilədən faydalana biliblər: “Bu, əsasən zədəli futbolçularımızın qayıtması ilə bağlıdır. Bunlar Emil Mpenza, Yasin Hima, Amit Quluzadədir. Onları yoxlama oyunları, məşqlərdə yükləməklə istədiyimiz səviyyəyə çatdıra bildik. Bundan əlavə, Elmar Baxşıyev, Ruslan Əmircanov kimi az oynayan futbolçulara, əvəzedici heyətdən dəvət etdiyimiz gənclərə yoxlama görüşlərində baxa bildik. Bu futbolçular arasında yaşıl meydana qayıtmağa hazır olanlar var. Mpenza bunlar sırasındadır. O, oyunu gedişində meydana çıxmağa hazırdır”.