Əvvəl “menşe”, indi “bolşe”
01.04.2011 - 23:01
Əvvəl “menşe”, indi “bolşe”
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts yeni antirekord müəyyənləşdirib. Apasport.az saytının hesablamalarına görə, milli komandamız 1994-cü ildən başlayan seçmə mərhələlərdə birinci dəfə ilk 3 səfər oyununun hamısında böyük hesabla uduzdu ki, bu da 65 yaşlı alman mütəxəssisin dövründə reallaşdı.

Millimizin ötən ilin oktyabrın 12-də evdə Türkiyə üzərində qazandığı qələbəsi (1:0) nə qədər tarixi olsa da, cari seçmə mərhələdə hələlik səfər oyunlarında böyük hesablı məğlubiyyətləri sıralamağımız bir o qədər üzücüdür.

Yığmamız indiyədək ilk 3 səfər oyununda ən pis halda 2 dəfə böyük hesabla yenilmişdi. Maraqlıdır ki, bununla bağlı ən yaxşı göstəriciyə məhz Foqts ötən seçmə mərhələdə imza atmışdı. Yəni, yalnız onun vaxtında seçmə mərhələdə ən az – cəmi 1 böyük hesabla məğlubiyyətimiz olmuşdu. Bu da 2009-cu ilin sentyabrın 9-da Hannoverdə Almaniya kimi güclü rəqiblə səfər oyununda olmuşdu – 0:4.

Ümumiyyətlə, ötən seçmə mərhələdə Foqtsun komandası etibarlı müdafiəsi ilə seçilirdi. Təsadüfi deyil ki, millimiz əksər halda 1 qol buraxırdı. Futbolda proqnoz dili ilə desək, Foqtsun komandası əvvəl “menşe”, indi isə “bolşe” oynayır. Yəni, hələlik səfər oyunlarımız ən azı 3 qolla nəticələnir. Onunla təsəlli tapa bilərik ki, rəqib meydanında 3 görüşdən 2-də biz də qol vurmuşuq.

Foqts millimizdə işlədiyi 3 ildə keçirdiyi 34 oyunun 5-də böyük hesabla uduzub. Bunlardan 4-ü rəsmi oyunlarda olub. Foqts ilk ağır məğlubiyyətini isə 2009-cu ilin iyunun 9-da, o vaxt son Avropa çempionu kimi Bakıya gələn, burada 6:0 hesablı qələbə qazanaraq, Cənubi Afrika Respublikasına Konfederasiyalar Kubokuna yollanan İspaniya yığmasından alıb.

Qeyd edək ki, millimiz seçmə mərhələlərdə ən çox böyük hesabla Avro-2000-də uduzub – 6 dəfə. Foqts artıq bunun yarısına imza atıb və cari seçmə mərhələdə qalan 6 oyundan 4-ü evdə keçirəcəyindən, antirekordu təkrarlamamalıdır.

Millimizin Avropa və dünya çempionatının seçmə mərhələ oyunlarında ilk 3 səfər oyunları

Avro-1996-nin seçmə mərhələsi

1994-cü il
7 sentyabr. Buxarest. Rumıniya – Azərbaycan – 3:0
12 oktyabr. Mielets. Polşa – Azərbaycan – 1:0

1995-ci il
29 mart. Koşitse. Slovakiya – Azərbaycan – 4:1
Baş məşqçi: Ağasəlim Mircavadov

Yekun: 10 oyuna 4 böyük hesablı məğlubiyyət

DÇ-1998-nin seçmə mərhələsi

1996-cı il
2 iyun. Oslo. Norveç – Azərbaycan – 5:0
8 iyun. Helsinki. Finlandiya – Azərbaycan – 3:0
10 sentyabr. Budapeşt. Macarıstan – Azərbaycan – 3:1
Baş məşqçilər: Kazbek Tuayev (ilk oyun), Vaqif Sadıqov (sonrakı 2 oyun)

Yekun: 8 oyuna 4 böyük hesablı məğlubiyyət

Avro-2000-nin seçmə mərhələsi

1998-ci il
5 sentyabr. Koşitse. Slovakiya – Azərbaycan – 3:0
14 oktyabr. Vaduts. Lixtenşteyn – Azərbaycan – 2:1

1999-cu il
26 mart. Gimaraynş. Portuqaliya – Azərbaycan – 7:0
Baş məşqçilər: Vaqif Sadıqov (ilk 2 oyun), Əhməd Ələsgərov (3-cü oyun)

Yekun: 10 oyuna 6 böyük hesablı məğlubiyyət

DÇ-2002-nin seçmə mərhələsi

2000-ci il
6 oktyabr. Skopye. Makedoniya – Azərbaycan – 3:0

2001-ci il
28 mart. Trnava. Slovakiya – Azərbaycan – 3:1
2 oyun. İstanbul. Türkiyə - Azərbaycan – 3:0
Baş məşqçi: İqor Ponomaryov

Yekun: 10 oyuna 4 böyük hesablı məğlubiyyət

Avro-2004-ün seçmə mərhələsi

2002-ci il
12 oktyabr. Helsinki. Finlandiya – Azərbaycan – 3:0

2003-cü il
12 fevral. Podqoritsa. Serbiya və Çernoqoriya – Azərbaycan – 2:2
29 mart. Kardiff. Uels – Azərbaycan – 4:0
Baş məşqçi: Vaqif Sadıqov (ilk oyun), Əsgər Abdullayev (sonrakı 2 oyun)

Yekun: 8 oyuna 3 böyük hesablı məğlubiyyət

DÇ-2006-nın seçmə mərhələsi

2004-cü il
8 sentyabr. Vyana. Avstriya – Azərbaycan – 2:0

2005-ci il
26 mart. Varşava. Polşa – Azərbaycan – 8:0
29 mart. Nyukasl. İngiltərə - Azərbaycan – 2:0
Baş məşqçi: Karlos Alberto Torres (Braziliya)

Yekun: 8 oyuna 2 böyük hesablı məğlubiyyət

Avro-2008-in seçmə mərhələsi

2006-cı il
2 sentyabr. Belqrad. Serbiya – Azərbaycan – 1:0
7 oktyabr. Portu. Portuqaliya – Azərbaycan – 3:0
11 oktyabr. Brüssel. Belçika – Azərbaycan – 3:0
Baş məşqçi: Şahin Diniyev

Yekun: 10 oyuna 4 böyük hesablı məğlubiyyət

DÇ-2010-un seçmə mərhələsi

2008-ci il
6 sentyabr. Kardiff. Uels – Azərbaycan – 1:0
11 oktyabr. Helsinki. Finlandiya – Azərbaycan – 1:0

2009-cu il
28 mart. Moskva. Rusiya – Azərbaycan – 2:0
Baş məşqçi: Berti Foqts (Almaniya)

Yekun: 4 oyuna 1 böyük hesablı məğlubiyyət

Avro-2012-nin seçmə mərhələsi

2010-cu il
7 sentyabr. Köln. Almaniya – Azərbaycan - 6:1
8 oktyabr. Vyana. Avstriya – Azərbaycan – 3:0

2011-ci il
29 mart. Brüssel. Belçika – Azərbaycan – 4:1

Yekun: ???

Mehman SÜLEYMANOV