Aqil Nəbiyev: Final mərhələsində yaxşı oyun yox, 3 xal vacibdir
04.04.2011 - 10:48
Aqil Nəbiyev: Final mərhələsində yaxşı oyun yox, 3 xal vacibdir
“Birinci hissə bizim üstünlüyümüz şəraitində keçdi. Diqqətli olsaydıq, hesab arasındakı fərqi bir qədər də artıra bilərdik”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL-ın kapitanı Aqil Nəbiyev deyib.

XXV turda “İnter”i məğlub edən AZAL turnir cədvəlindəki mövqeyini də bir qədər yaxşılaşdırdı.
Qarşısına avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyan paytaxt təmsilçisi bu qələbə sayəsində dördüncü pilləyə yüksəlib.

Hazırkı məqamda komandadan baxımlı futbol gözləməyin absurd olduğunu qeyd edən müdafiəçi nəticənin vacibliyini vurğulayıb: “Final mərhələsində yaxşı oyun yox, 3 xal vacibdir. Biz də bu gün 3 xal qazandıq. İkinci hissədə bir qədər arxaya çəkildik. Rəqibi əks-hücumlarda yaxalamaq istəyirdik. Əgər avrokuboklara vəsiqə qazanmaq istəyiriksə, yaxşı nəticə qazanmalıyıq. Başqa yol yoxdur”.

Növbəti turda “Bakı” ilə üz-üzə gələcək AZAL Şüvəlandakı stadionda siftə edəcək. Kapitan buna görə mütləq qələbə qazanmağın vacib olduğunu bildirib: “Bakı”nı Şüvəlanda qəbul edəcəyik. Bu, bizim yeni stadionumuzda ilk rəsmi oyunumuz olacaq. Mütləq qələbə qazanmalıyıq”.

Kapitan ölkə kubokunun yarımfinal mərhələsində “İnter”i mübarizədən kənarlaşdıracaqlarına inandığını da qeyd edib: “Hər iki cəbhədə mübarizəni davam etdiririk. Kubokda finala vəsiqə qazanacağımıza inanıram”.