Bakıya kim gələcək: Blatter, yoxsa Hammam?
04.04.2011 - 16:08
Bakıya kim gələcək: Blatter, yoxsa Hammam?
Bu ilin iyunun 1-də İsveçrənin Sürix şəhərində keçiriləcək FİFA-nın prezident seçkilərində 2 namizəd iştirak edəcək. Apasport.az saytının məlumatına görə, qurumun hazırkı prezidenti Yozef Blatterin seçkilərdə rəqibi Asiya Futbol Konfederasiyasına rəhbərlik edən Məhəmməd Bin Hammam olub. Qətərdən olan bu şəxsin namizədliyi artıq qeydiyyatdan keçib. Namizədlərin bütün sənədləri yoxlanıldıqdan sonra onlar qeydiyyata alınıb.

1998-ci ildən FİFA-nın prezidenti olan Blatter həmin vaxt isveçli həmkarı Lennart Yuhanssona qalib gəlib. Ötən ayın əvvəlində 75 illik yubileyini qeyd edən FİFA-nın isveçrəli prezidenti bu seçkilərin onun üçün sonuncu olduğunu rəsmən bildirib.

Qeyd edək ki, AFFA bu ilin iyununda futbolumuzun 100 illiyi ilə bağlı tədbirə FİFA prezidentini dəvət edib. Yenidən seçilmək şansı daha çox olan Blatterin bundan sonra ilk rəsmi səfərinin ölkəmizə olacağı gözlənilir.