İran yığmasının yeni baş məşqçisinin adı açıqlandı
04.04.2011 - 16:24
İran yığmasının yeni baş məşqçisinin adı açıqlandı
İran milli komandasının yeni baş məşqçisinin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Portuqaliya yığmasının sabiq çalışdırıcısı Karluş Keyruş bu vəzifəyə təyin olunub.

Bu gün İranın paytaxtı Tehrana gələn 58 yaşlı portuqaliyalı mütəxəssis federasiya ilə 3 illik müqavilə imzalayıb. Keyruş hələ fevralda iranlılardan təklif alsa da, onda bundan ailəsinin bu ölkədə yaşamağa razılıq vermədiyinə görə imtina etmişdi.

Onun əsas vəzifəsi İran yığmasını 2014-cü ildə Braziliyada dünya çempionatının final mərhələsinə çıxarmaq olacaq. Keyruşun rəhbərliyi altında ölkənin gənclər yığması da çalışacaq. Britaniya mətbuatının məlumatına görə, portuqaliyalı məşqçinin illik məvacibi 2 milyon dollar olacaq.

Qeyd edək ki, İran yığmasının baş məşqçisi postu bu ilin yanvarında Afşin Kuotbinin gedişindən sonra boş qalmışdı. Həmin vaxt yığma onun rəhbərliyi altında Asiya Kubokunun ¼ finalında Cənubi Koreya yığmasına uduzmuşdu.