Əfran İsmayılov sığortalanmaq istəyir
04.04.2011 - 17:00
Əfran İsmayılov sığortalanmaq istəyir
“Yığmaya dəvət ediləcəyimi gözləyirdim. Çünki Berti Foqts açıqlamalarından birində məni çağıracağını demişdi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov deyib.

Ötən yay Avroliqada özünü yaxşı tərəfdən göstərərək 5 qol vuran 22 yaşlı futbolçu sonradan zədə üzündən qışa qədər yaşıl meydanlardan kənarda qaldı. İsmayılov bunun nəticəsində uzun müddət millimizə dəvət edilmədi.

Ancaq futbolçu yığmamızın aprelin 11-dən 14-ə qədər Bakıda təşkil ediləcək toplanışına çağırılıb. Zədə baxımından heç bir problemin olmadığını deyən yarımmüdafiəçi əsas heyətə düşmək istəyir: “Oynamağa başlamışamsa, dəvət edilməyim normaldır. Çalışacağam ki, toplanışda yaxşı tərəfdən fərqlənim və əsas heyətdəki yerimi alım. Zədəm tam sağalıb. Yeganə problem oyun təcrübəsinin azlığı ilə bağlı ola bilər”.

Millinin düşərgəsində ab-havanın üzücü olduğunu qeyd edən Əfran Qazaxıstanla oyunda mütləq qələbə qazanmalı olduqlarını bildirib: “Ən azından Qazaxıstanı udub, özümüzü sığortalamalıyıq. Bilirəm ki, Foqts Bakıda Belçikanı da yenməyi tələb edəcək. Buna hazır olmaq lazımdır”.

“Qarabağ”ın “Neftçi” ilə keçirdiyi oyuna da toxunan İsmayılov futbolda bu cür halların mümkünlüyünü qeyd edib: “Futbolda belə şeylər olur. “Neftçi” şansından maksimum yararlandı. Ancaq biz o qədər fürsəti əldən verdik. Qələbə seriyasının komandada arxayınlaşma yaratdığına inanmıram”.

Çempionluq şanslarının çətin hesab edən Əfran azarkeşlərin komandadan çox şey gözlədiyini deyib: “Qarabağ” Avroliqaya vəsiqə qazanmağa ümid edir. Çünki azarkeşlərimiz bizdən çox şey gözləyir”.