Atəş “Qalatasaray”ı yandırdı
04.04.2011 - 23:00
Atəş “Qalatasaray”ı yandırdı
Türkiyə Superliqasının XXVII turunun son oyunu keçirilib. Apasport.az saytının xəbərinə görə, “Antalyaspor” klubunun qonağı olan “Qalatasaray” biabırçı hesabla məğlub olub.

“Medical Park” stadionunda baş tutan qarşılaşmada meydan sahibləri “Cim Bom”un qapısından 3 cavabsız top keçirib. İlk qolu 31-ci dəqiqədə Erkan Sekman vurub. Vaxtilə “Qalatasaray”da oynamış Necati Atəş isə dubl edib. O, 59 və 70-ci dəqiqədə sabiq komandasını cəzalandırıb.

27 turdan sonra turnir cədvəlinə 63 xalla “Trabzonspor” başçılıq edir. “Fənərbaxça” 61 xalla ikinci, “Bursaspor” isə 52 xalla üçüncüdür. Tarixinin ən uğursuz günlərini keçirən “Qalatasaray” isə 33 xalla 11-ci yerdə qərarlaşıb.