FİFA Azərbaycan otelləri haqda məlumat toplayır
05.04.2011 - 11:59
FİFA Azərbaycan otelləri haqda məlumat toplayır
2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatına hazırlıqla bağlı FİFA nümayəndələri Bakıya gəlib. Apasport.az saytının məlumatına görə, beynəlxalq futbol qurumunun təmsilçiləri Neriko Digs və Metyu Hardinq bu gün AFFA-nın inzibati binasında keçirilən görüşün iştirakçısı olublar.

Belə ki, U-17 qızlar arasında DÇ-2012-nin yerli Təşkilat Komitəsi ilə qonaqlar arasında görüş keçirilib. Təşkilat Komitəsinin sədri Elxan Məmmədov dünya çempionatına hazırlıqla bağlı həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Aprelin 8-ə qədər davam edəcək səfər proqramı çərçivəsində beynəlxalq futbol qurumunun nümayəndələri ölkəmizdəki otellərin vəziyyəti, otellər arasındakı məsafə, həmçinin yollar barədə məlumat toplayacaqlar. Bununla əlaqədar onlar ölkəmizdəki müvafiq otellərə baxış keçirəcəklər.