AFFA fırıldaqçıları yaxaladı
05.04.2011 - 14:08
AFFA fırıldaqçıları yaxaladı
Azərbaycan futbolu uzun illər “lipa” oyunçuların zənginliyindən əziyyət çəkib. Apasport.az saytının məlumatına görə, ölkədə futbolun inkişafı yönündə bir sıra addımlar atan AFFA bu “xəstəlik”lə də mübarizəni gücləndirib. Assosiasiyanın İntizam Komitəsinin son yığıncağında da 2 belə fırıldağın üstü açılıb.

Neçə vaxtdır ki, U-14 Liqasında keçirilən matçlarda “Təhsil” (Bakı) klubunun heyətində adı Fəqani Əsədov kimi göstərilən futbolçunun yerinə Hümmət Mahmudov iştirak edirmiş. Lakin həqiqəti üzə çıxaran AFFA adıçəkilən futbolçunun iştirak etdiyi bütün oyunların nəticələrini ləğv edərək, kluba 0:3 hesablı texniki məğlubiyyət verib.

U-13 Liqasının “Abşeron” – “Şahdağ” matçı da fırıldağın ifşası ilə əlamətdar olub. Qarşılaşma başlamazdan əvvəl “Abşeron” klubunun heyətində Mikamin Məhərrəmov adlı futbolçunu sənədlərinin düzgün olmadığı aşkar edilib.

Bu faktı klubun baş məşqçisi də təsdiq edib. O, futbolçunun lisenziyasını özünün düzəltdiyini boynuna alıb. Bu səbəbdən də, baş məşqçi saxta sənəd düzəltdiyi və həmin sənədi yarışları keçirən departamentə təqdim etdiyi üçün günahkar sayılıb. İntizam Komitəsi U-13 Liqasında çıxış edən “Abşeron”un baş məşqçisi Vüqar Hüseynovu 12 ay müddətinə futbolla bağlı fəaliyyətdən kənarlaşdırılıb.