Ceyhun Sultanovun müqayisəsi
05.04.2011 - 23:01
Ceyhun Sultanovun müqayisəsi
“Əvəzedici komandaya kömək etməyimlə bağlı mənə hansısa təklif olunmayıb. Həm də cəzalı olduğum həftədə daha çox dincəlmək istəyirdim. Çünki buna ehtiyacım var idi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə”nin futbolçusu Ceyhun Sultanov deyib.

XXV turda cəza səbəbindən meydana çıxmayan yarımmüdafiəçi əvəzedici komandanın da heyətində görünmədi. Daha doğrusu, Sultanova belə təklifin olduğu, amma futbolçunun buna yox dediyi bildirilirdi. Lakin yarımmüdafiəçi bu fikri səsləndirənləri qınayıb: “Başqa vaxt olsa, gedib oynayardım. Ancaq bizim qarşıda çətin oyunlarımız var. Bir qədər dincəlməli idim. Buna görə də istirahət etməyi üstün tutdum”.

Mehman Allahverdiyevin baş məşqçi postuna təyinatından sonra komandada baş verən dəyişikliklərə də toxunan futbolçu nizam-intizamın gücləndirildiyini vurğulayıb: “Əvvəllər nizam-intizam çox zəif idi. Ancaq indi əksinədir. Artıq hər kəs öz işini bilir”.

Komandanın uğursuz çıxışına da toxunana futbolçu nizam-intizamın zəif olmasının da nəticəyə təsirsiz ötüşmədiyini qeyd edib: “Stimulun olmamasının rolu var. Uşaqlarda istək yox idi. Həm də intizamın aşağı olması da mənfi təsir göstərib. İndi vəziyyət fərqlidir. Məşq prosesi də yüksək səviyyədə təşkil edilir”.