Fuad İsmayılov danışdı: Yenə klubda işləyəcəyəm!
05.04.2011 - 23:17
Fuad İsmayılov danışdı: Yenə klubda işləyəcəyəm!
“Komandadan ayrılandan sonra işsizəm. Başım ailə məsələlərinə qarışıb. Oğlumun toyu ərəfəsində evin təmiri ilə məşğuluq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun sabiq baş məşqçisi Fuad İsmayılov deyib.

Ömrünün böyük hissəsini Gəncə futboluna həsr edən çalışdırıcı postundan ayrıldıqdan sonra işsiz qalsa da, bunun qısa müddəti əhatə edəcəyini bildirib: “Gəncə Regional Futbol Federasiyasının prezidenti Xanlar Fətiyevlə danışmışam. Onun Gəncəyə gəlməsini gözləyirəm. Yenidən qayıdıb klubda işləyəcəyəm. Lakin bu, “Gəncə”nin əsas komandasında olmayacaq. Yəqin ki, uşaq-gənclər komandalarında fəaliyyət göstərəcəyəm”.

Postunu uzun illər “Kəpəz”də birgə çalışdığı Mehman Allahverdiyevə təhvil verən İsmayılov bu dəyişikliyin oyun planında nəyi dəyişdiyini deməkdə çətinlik çəkir: “Komandanın “Qəbələ” ilə görüşünü izlədim. Yaxşı oynayıb, 90 dəqiqə mübarizə apardılar. Lakin ümumilikdə məşqçi dəyişikliyinin hansı nəticə verdiyi haqda danışmaq tezdir. 1 oyunla nəsə demək olmaz. Taktiki planda isə dəyişikliklər görünürdü. Məsələn, birimiz xətti, digərimiz 3 müdafiəçili sistemə üstünlük veririk”.

İsmayılov əvvəllər komandada nizam-intizamın aşağı olduğunu iddia edən Ceyhun Sultanovun cavabını verməkdən boyun qaçırıb: “Kim deyir ki, bizdə nizam-intizam aşağı olub? Mən bu fikirlə razı deyiləm. Ümumiyyətlə, belə suala cavab vermək istəmirəm”.