Zaur Ramazanov: Yalnız 3 legionerin oyununu bəyənirəm
06.04.2011 - 15:45
Zaur Ramazanov: Yalnız 3 legionerin oyununu bəyənirəm
“Futbolla kənardan maraqlanıram. Hərdən stadiona gedib, oyunlara baxıram. Ancaq futbola heç bir bağlılığım qalmayıb. Şəxsi biznesimlə məşğulam”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq futbolçusu Zaur Ramazanov deyib.

MOİK, “Bakılı”, “Karvan” və “Qarabağ”ın da formasını geyinən futbolçu karyerasının ən yaxşı illərini “Xəzər Lənkəran”da keçirib. “Ağ-yaşıllar”ın heyətində çempion olan və ölkə kubokunu başı üzərinə qaldıran Ramazanov ziddiyyətli xarakterə malik olub.

Gah hakimi vurduğuna görə 10 oyunluq cəzalandırılan, gah da gözlənilmədən oyunun taleyini həll etməyi bacaran futbolçuya yığmanın formasını geyinmək də nəsib olub. Futbolla bağlılığı qalmayan veteran hücumçu boş vaxt tapan kimi stadiona üz tutur: “Neftçi” – “Qarabağ” oyununu izlədim. Sözün düzü, bu qədər legioner gətiriblər, amma onlardan yalnız üçünün oyununu bəyənirəm. Söhbət Flavinyo, Uinston Parks və Elvin Beqiridən gedir. Qalanları elə də seçilmirlər”.

Təcrübəli futbolçu gələcəkdə nə vaxtsa klubda idarəçi kimi çalışmaq variantının əleyhinə olmadığını da bildirib: “Məşqçi kimi işləmək istəmirəm. Ancaq klub meneceri kimi çalışmaq təklifi alsam, qəbul edərəm”.

Qeyd edək ki, Ramazanov 2004-cü ildə vurduğu 21 qolla ölkə çempionatının bombardiri olub.