Möcüzə baş verməsə, 18 gündə 4 “El klassiko”
07.04.2011 - 16:40
Möcüzə baş verməsə, 18 gündə 4 “El klassiko”
Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarında rəqiblərini 4 top fərqi ilə məğlub edən İspaniya təmsilçiləri “Real” və “Barselona” yarımfinalın 1 addımlığındadır. Apasport.az saytının məlumatına görə, möcüzə baş verməyəcəyi halda dünya futbol sevərləri yarımfinalda “El klassiko” izləyəcək. Bu, dünyanın ən nəhəng klubları sırasında olan “Real”la “Barselona”nın mövsümün sonuna təsadüf edəcək qarşıdurmasını 4 matça çatdıracaq. Özü də bu görüşlər cəmi 18 gün ərzində baş tutacaq. Lakin matçların daha az – 17 günü əhatə etməsi də mümkündür.

4 pərdəli “El klassiko” tamaşası Madriddə başlayacaq. Rəqiblər aprelin 17-də ölkə çempionatında münasibətlərini ayırd edəcək. Ayın 20-də Valensiyada keçiriləcək Kral kubokunun finalında qarşı-qarşıya gələcək.

Çempionlar Liqasının ilk yarımfinalı da Madriddə baş tutacaq. İspanlar aprelin 26-27-də azarkeşlərə əsl şou nümayiş etdirəcək. Mayın 3-4-də isə Barselonada finalçının adına aydınlıq gələcək. Elə bu matçların tarixinin dəqiq olmamasındandır ki, rəqiblərin 17, yoxsa 18 günə 4 dəfə qarşılaşacaqları bilinmir.

Qeyd edək ki, 1/4 finalın ilk oyununda “Real” İngiltərə “Tottenhem”ini 4:0, “Barselona” isə Ukrayna “Şaxtyor”unu 5:1 hesabı ilə darmadağın edib.