“Qalan oyunların hamısı formal xarakter daşıyır”
08.04.2011 - 18:00
“Qalan oyunların hamısı formal xarakter daşıyır”
“Azərbaycan Premyer Liqasının XXVI turunun MOİK-lə qarşılaşmasında da oynamayacağam. Çünki zədə problemim həll olunmayıb”. Bu sözləri apasport.az saytına açıqlamasında Zaqatalanın “Simurq” klubunun kapitanı Samir Əliyev deyib.

Mövsümn əvvəlindən Zaqatala təmsilçisinin formasını geyinən forvard həm də komandasının bombardiridir. Məhz buna görə də Əliyev dekabr ayının ən yaxşı futbolçusu da seçilib. Ancaq son vaxtlarda forvard meydana çıxa bilmir. Buna səbəb onun zədədən əziyyət çəkməsidir. Hazırda təcrübəli futbolçu zədəsini sağaltmaqla məşğuldur. MOİK-lə oyunun əhəmiyyətinin qalmadığını da qeyd edən futbolçu fikrini belə əsaslandırıb: “Premyer Liqada qalmaq baxımından bu oyunu həlledici hesab etmirəm. Çünki artıq məsələ həll olunub. Belə olan təqdirdə, hansısa görüşün əhəmiyyətli olmasından danışmaq yersizdir”.

O, futbolçuların indi daha çox özlərini göstərmək və hansısa klubun diqqətini cəlb etmək üçün çıxdıqlarını vurğulayıb: “Oyunlar artıq bizim üçün formal xarakter daşıyır. Artıq heç bir motivasiya qalmayıb. Futbolçular da karyeralarını harada davam etdirəcəklərini düşünürlər. Meydana da ona görə çıxırlar ki, hansısa klubun diqqətini cəlb etsinlər”.

Klub rəhbərliyinin futbolçuları stimullaşdırmaq üçün heç bir mükafat ayırmadığını da qeyd edən hücumçu öz karyerası haqda nikbin deyil: “Buna qədər mükafat ayırmayıblarsa, bundan sonra da ayırmayacaqlar. Karyerama gəldikdə, yəqin ki, futbolla vidalaşacağam. Hələ qəti qərara gəlməmişəm. Ancaq klub olmayandan sonra nə edəcəyəm?”.