Arif Əsədov əvəzetmələrini həlledici sayır
09.04.2011 - 23:01
Arif Əsədov əvəzetmələrini həlledici sayır
"Oyuna pis başladıq. İlk dəqiqələrdə qol buraxdıq ki, bu da komandada psixoloji gərginlik yaratdı. Sonrakı dəqiqələrdə oyunda dönüş yaratmağa çalışdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.

Azərbaycan Premyer Liqasının XXVI turunun “İnter”lə oyununda 1 xalı son dəqiqələrdəki penalti ilə qazanan “ağ-qaralar”ın çalışdırıcısı bu nəticəni də qənaətbəxş sayır: “Fikrimcə, əvəzetmələr sayəsində buna nail olduq. Yeri gəlmişkən, Arazı əvəz etməyimin səbəbi onun zəif çıxışı deyildi. 2-ci dəqiqədə hesabda geri düşdük ki, vəziyyətdən çıxış yolu kimi 2 hücumçu ilə oynamaq qərarına gəldim. Belədə Abdullayevin əvəzinə Emil Mpenzanı buraxdım. Bununla da 4 futbolçu ilə rəqib qapısına hücum etməyə başladıq. Mpenzadan başqa, Rəşad Abdullayev, Bahodir Nasimov və Flavinyo da qol vurmaq üçün irəli atıldılar. Buna görə də "Neftçi" oyuna daha çox nəzarət etməyə başladı. "İnter" kimi komanda ilə səfər oyununda 1 xal qazanmağı komandamız üçün yaxşı nəticə hesab edirəm”.

Qeyd edək ki, paytaxt derbisi 1:1 hesabı ilə başa çatıb.

Mənbə: pfl.az