“Xəzər Lənkəran” da zəif komanda deyil”
11.04.2011 - 12:10
“Xəzər Lənkəran” da zəif komanda deyil”
“Maraqlı oyun oldu. Hər iki komanda texnikalı futbola üstünlük verir. Gərginlik var idi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov deyib.

Dünən Suraxanıdakı Tofiq İsmayılov adına qəsəbə stadionunda baş tutan oyunda “Qarabağ” “Xəzər Lənkəran”ı məğlub edə bilmədi. Əsas mərhələ çərçivəsində Bakıda keçirilən görüşdə rəqibinə 0:1 hesabı ilə yenilən Qurbanovun yetirmələri “ağ-yaşıllar”la ardıcıl ikinci ev matçında da bacarmayıb. Halbuki, başladığı hesabla yekunlaşan matçın gedişində hər iki komandanın fərqlənmək üçün imkanları olub: “Hər iki komanda qol vura bilərdi. Bizim imkanlarımız daha çox idi. Rəqib isə səhvimizdən fərqlənmək şansı yaratdı. “Xəzər Lənkəran”ın heyətində Uinston Parksı xüsusilə fərqləndirmək istərdim. Kosta rikalı hücumçu həqiqətən çox güclü futbolçudur”.

Təbii ki, əksəriyyət “Qarabağ”ın bir gün əvvəl keçirilən “İnter” – “Neftçi” oyununun heç-heçə başa çatmasından maksimum yararlanacağını gözləsə də, Ağdam təmsilçisi 2 xal itirdi. Nəticədə aradakı xal fərqi dəyişmədi. Yarımmüdafiəçi isə rəqibin güclü olduğunu və heç-heçənin ədalətli olduğunu vurğulayıb: “Meydana qələbə üçün çıxmışdıq. Ancaq futbolda hər cür nəticə ilə rastlaşmaq mümkündür. “Xəzər Lənkəran” da zəif komanda deyil. Oyunun nəticəsini ədalətli hesab edirəm”.