Xosep Qvardiola: “Real” “Barselona” ilə oyunun favoritidir
16.04.2011 - 11:02
Xosep Qvardiola: “Real” “Barselona” ilə oyunun favoritidir
“Mən “Real” haqda həmişə fikirdə olmuşam. İndi bu komanda “Nou Kamp”dakı ilk oyundakından təhlükəlidir. Hesab edirəm ki, “Real” oyunun favoritidir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Barselona” klubunun baş məşqçisi Xosep Qvardiola deyib. Nəinki İspaniyanın, dünyanın ən məşhur derbilərindən sayılan “Real” – “Barselona” haqda fikirlərini bildirən gənc mütəxəssis rəqibi tərifləyib: “Onlar futbolçularımızı qapıya daha çox zərbə vurmaqda üstələyirlər. Bundan əlavə, “Real”ın oyunçuları sürətli və fiziki cəhətdən güclüdürlər. Onlar boş zonalardan çox yaxşı istifadə edirlər və üç ötürmə ilə rəqib qapısına çatmağı bacarırlar. Əgər bu oyunu uduzsaq, onda ölkə çempionluğu uğrunda mübarizə yeni gücü ilə dəyişəcək. Bizim müdafiənin Karles Puyola ehtiyacı var. Ancaq o, çox az işləyib. İstənilən halda, Puyol daha ağrılar hiss etmir və oynamasına oyun günü qərar verəcəyik”.

Qeyd edək ki, Madriddəki oyun bu gün Bakı vaxtilə 01:00-da başlayacaq.