“Muğan”ın futbolçusu 139 günlük intizara yubileylə son qoydu
16.04.2011 - 14:59
“Muğan”ın futbolçusu 139 günlük intizara yubileylə son qoydu
Salyanın “Muğan” klubunun uruqvaylı futbolçusu Anhel Qutyerres uzun müddətlik susqunluğu pozdu. Apasport.az saytının hesablamalarına görə, təcrübəli hücumçu ölkəmizdə növbəti qolunu vurmaq üçün 139 gün gözləməli oldu. Özü də Anhel tilsimi ona yaxşı tanış olan “Şəfa” stadionunda qırdı. Bu, hazırda keçirilən “Turan”la ev oyununda komandasını hesabda irəli çıxartmaqla (2:1) reallaşdı. Vaxtilə “Standard” və “İnter” klublarının heyətində bu arenada ev oyunlarına çıxan Anhel bu dəfə “Muğan”ın futbolçusu kimi “Şəfa”da ilk qolunu vurdu. Bu, cari mövsümdə şərəfini qoruduğu Salyan klubunun heyətində 4-cü qolu oldu.

“Muğan” Salyandakı stadionunun meydançasında yenidənqurma işləri getdiyindən, bu ildən rəqiblərini “Şəfa”da qəbul edir. Qutyerres 2011-ci ildə ilk dəfə fərqlənməklə, ona qol gözləyənlərin intizarına nəhayət, son qoydu.

Qutyerres sonuncu dəfə ötən ilin noyabrın 28-də XV turda “İnter”lə Salyandakı görüşün 77-ci dəqiqəsində yeganə qolun müəllifi olmuşdu. Bununla da legioner sabiq komandasını cəzalandırmış, “Muğan”ın hazırkı baş məşqçisi Bəhmən Həsənova ilk qələbə qazandırmışdı. Maraqlıdır ki, Anhelin indiyə qol vurduğu oyunlar komandasının eyni hesablı (1:0) qələbələri ilə nəticələnib. Yəni bu, II turda “Bakı”, VII turda “Simurq”la görüşlər olub. Budəfəki oyun Salyanda olmasa da, hər halda, “Muğan”ın ev oyunudur və Qutyerres yenə evdə fərqləndi.

Bu qol Anhelə həm də yubiley olduğuna görə əlamətdardır. Belə ki, o, çempionatımızda 79-cu oyununda 20-ci qolunu vurdu. Bu, matçı izləyən milli komandamızın almaniyalı baş məşqçisi Berti Fotqsun gözlərin qarşısında oldu.

Mehman SÜLEYMANOV