“Turan”ın qapıçısının seriyası 2785-ci dəqiqədə qırıldı
16.04.2011 - 15:58
“Turan”ın qapıçısının seriyası 2785-ci dəqiqədə qırıldı
Tovuzun “Turan” klubunun qapıçısı Kamal Bayramovun uzun müddətlik seriyası qırıldı. Apasport.az saytının hesablamalarına görə, 26 yaşlı qapıçı cari mövsümdə ilk dəfə komandasının “çərçivəsi”ni tərk etməli oldu. Bu, Premyer Liqamızın XXVII turunda “Muğan”a bu gün “Şəfa” stadionunda 1:2 hesabı ilə uduzduqları səfər oyununda (1:2) baş verdi. Ayağından zədələnən Kamal məcburiyyətdən qapısını tərk etməli oldu. Onu 85-ci dəqiqədə rusiyalı təcrübəli həmkarı, vaxtilə “Turan”ın əsas qapıçısı olan Şamil Saidov əvəzlədi.

Bayramov bunadək cari mövsümdə çempionat və kuboku da nəzərə alsaq, “Turan”ın keçirdiyi 29 oyunun hamısını əvəzedilmədən keçirib. O, çempionatda 27 oyuna 39, kubokda 3 görüşə 3 qol buraxıb. “Turan” ölkə kubokunun 1/8 final mərhələsində məhz Kamalın oyun sonrası penaltilər seriyasında uğurlu çıxışı sayəsində “Qarabağ”ı gözlənilmədən mübarizədən kənarlaşdırdı. Qapıçının seriyası kuboku da nəzərə alsaq, 2785-ci dəqiqədə qırıldı.

Qeyd edək ki, hazırda “Qəbələ”nin latviyalı qapıçısı Pavel Doroşevlə “Gəncə”dəki bosniyalı həmkarı Edis Kurtanoviç əvəzolunmazlıqları ilə öyünə bilərlər.

Mehman SÜLEYMANOV