“Bakı”nın “qara siyahısı”ndakı futbolçular
17.04.2011 - 12:37
“Bakı”nın “qara siyahısı”ndakı futbolçular
Cari mövsümün sonunda “Bakı” klubunun heyətində köklü islahatlar aparılacaq. Apasport.az saytının xəbərinə görə, “zolaqlılar”ın heyətindən bir çox futbolçu kənarlaşdırılacaq ki, onlardan da artıq üçünün adı məlumdur.

Yanvarda komandanın “sükanı arxası”na gətirilən Aleksandr Starkov çox güman yerli futbolçulardan Vaqif Cavadov və Mahmud Qurbanovla yanaşı, braziliyalı legioner Junior Osvaldodan da imtina edəcək. Latviyalı mütəxəssis həmin futbolçulardan narazı qaldığından, növbəti mövsüm üçün quracağı öz komandasında onları görmək fikrində deyil.

Dünən Premyer Liqanın XXVII turunun “Qarabağ”la görüşündə 400-cü oyununa çıxan Qurbanovun paytaxt təmsilçisindən ayrılacağı gözləniləndir. Milli çempionatımızın rekordçusunun artıq 38 yaşı var və bu amil onun gedişinə zəmin yarada bilər.

“Bakı”ya “Xəzər Lənkəran”dan keçən Junior Osvaldo isə zədə ucbatından ilk günlər komandasına kömək edə və meydana çıxdığı qarşılaşmalarda isə özünü yaxşı tərəfdən göstərə bilməyib.

Hollandiyada legioner həyatı yaşadıqdan, daha doğrusu, gününü “Tvente”nin əvəzedici komandasında keçirən Vaqif Cavadovun getməsi isə pulla bağlıdır. Deyilənlərə görə, “zolaqlılar”ın ən bahalı futbolçularından olan 22 yaşlı hücumçu aldığı maaşın qarşılığını verə bilmədiyindən, rəhbərlik Vaqifə özünə yeni komanda axtarmağı təklif edəcək.

Xatırladaq ki, Cavadov “Bakı”nın heyətində keçirdiyi 20 oyunda cəmisi 3 qol vurub. Juninyo isə 13 qarşılaşmada 1 dəfə sevinib.