Mirça Rednikin ikinci darmadağını
26.04.2011 - 10:45
Mirça Rednikin ikinci darmadağını
Azərbaycan Premyer Liqasının XXVIII turu “Xəzər Lənkəran” üçün növbəti böyük hesablı qələbə ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi mövsümdə 2-ci dəfə rəqibini 3 top fərqi ilə məğlub edə bilib. Mirça Rednikin baş məşqçi postuna keçməsindən sonra ilk “qurbanı” MOİK olan komanda yenə paytaxt klubunu, lakin bu dəfə AZAL-ı üstələyib.

Çempionatın 5-ci turunun MOİK-lə görüşündə olduğu kimi yenə hesab 3:0 olub. Ötən il sentyabrın 12-dəki həmin zəfərdən sonra azarkeşlər 223 gün idi ki, belə qələbənin intizarında idi. Bu müddətdə 25 rəsmi matça çıxan “Xəzər Lənkəran” 3 və ya daha çox top fərqi ilə qalib gələ bilmirdi.

MOİK-lə qarşılaşma AZAL-la olduğu kimi ev oyunu olsa da, həmin matç Suraxanı qəsəbə stadionunda keçirilmişdi. Bu isə o deməkdir ki, Lənkərandakı son böyük hesablı qələbə daha əvvəl baş verib. Bu, ötən mövsümün gedişində qeydə alınıb. Final mərhələsinin “ilk altılığ”ının I turunda “Qəbələ” ilə görüşən “Xəzər Lənkəran” 4:1 hesabına sevinmişdi. Martın 12-dəki həmin zəfərdən sonra lənkəranlı azarkeşlər növbəti böyük hesablı qələbəni 407 gün gözləməli oldular. Bu qələbə Rednikin Lənkəranda ilk böyük hesablı qələbəsidir.

Qeyd edək ki, cari mövsüm çempionatda 2-ci belə qələbəsini qazanan “Xəzər Lənkəran” iştirak etdiyi bütün çempionatlarda ən azı 1 böyük hesablı qələbə qazanıb.

2004/05 – 8
2005/06 – 1
2006/07 – 6
2007/08 – 5
2008/09 – 5
2009/10 - 4
2010/11 – 2
Cəmi - 31

Bundan başqa “Xəzər Lənkəran” ölkə kubokunda da 10 böyük hesablı qələbə qazanıb:

2004/05 – 0
2005/06 – 2
2006/07 – 3
2007/0/8 – 3
2008/09 – 2
2009/10 – 0
2010/11 - 0

İndiyə qədərki “qurbanlar” arasında heç vaxt AZAL olmamışdı. Bu, “təyyarəçilər”lə görüşlərdəki ilk darmadağındır.

Mənbə: lankaranfc.com