“Belə məşqçi tanımıram, tanımaq da istəmirəm”
03.05.2011 - 14:11
“Belə məşqçi tanımıram, tanımaq da istəmirəm”
“Komandamızda baş məşqçi dəyişikliyi gündəmdə deyil. Nazim Süleymanovun işindən razıyıq və ona inanırıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının AZAL klubunun prezidenti Vaqif Qasımov deyib.

“Təyyarəçilər” artıq il yarımdır baş məşqçi postunu etibar etdiyi Nazim Süleymanovun rəhbərliyi altında cari mövsümdə yaxşı çıxış edərək, Avroliqaya yollanmaq şansını saxlayır. AZAL buna çempionatda hazırda qərarlaşdığı 4-cü yerlə, yaxud mübarizəni davam etdirdiyi Azərbaycan kubokunu qazanmaqla nail ola bilər.

Bolqarıstan mətbuatında təcrübəli mütəxəssis Stoyço Mladenov haqda xəbərdən onun AZAL-a gəlişinin mümkünlüyü qənaətinə gəlmək olar. Düzdür, bolqar həmkarlarımız onun Azərbaycanda təklif aldığı komandanın adını çəkməsə də, həmyerlilərinin onun yeni stadionunun inşasında iştirak etdiyini qeyd edirlər. Məlum olduğu kimi, AZAL-ın yaxında Şüvəlan qəsəbəsində istifadəyə verdiyi arenasını bolqar mütəxəssislər inşa etdi. Yəni, klubun bolqarlarla əlaqələrinin olması oradan məşqçi gətirilməsi ilə nəticələnə bilər.

Bu mənada Qasımovdan Mladenovla maraqlandıqlarının, ona təklif göndərmələrinin nə dərəcədə doğru olduğunu soruşduq. Prezidentin cavabı qısa, konkret oldu: “Mən bu adda məşqçi tanımıram, tanımaq da istəmirəm”.

Qeyd edək ki, Bolqarıstan milli komandasında 10 il oynamış 54 yaşlı veteran futbolçu xeyli vaxtdır işsizdir. Hələ 2006-cı ildə ukraynalı Anatoli Konkovun gedişindən sonra adı Bakının “İnter” klubu ətrafında hallanan Mladenovun məşqçi kimi ən böyük uğuru 2 dəfə Sofiyanın MOİK klubunu ölkə çempion etməsidir.

Mehman SÜLEYMANOV
0