“Xəzər Lənkəran” – Avropada üçüncüdür!
03.05.2011 - 23:01
  “Xəzər Lənkəran” – Avropada üçüncüdür!
Avropanın ən güclü futbol klublarının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu statistika portallarından “infobank” son 1 ilin ən yaxşılarını müəyyənləşdirib. Hər həftə yenilənən sıralamada Avropanın ən yaxşı 430 klubu yer alıb. Azərbaycan bu cədvəldə ötən həftə olduğu kimi, yenə 7 komanda ilə təmsil olunub.

Cədvəldə də ən yaxşı komandamız olan Ağdamın “Qarabağ” klubu 1 həftə ərzində 7 pillə geriləyərək, 78-ci yerə düşüb – 45,59 xal. Hesabında 39,23 xal olan “Xəzər Lənkəran” 9 pillə irəliləyərək 102-ci yerə qalxıb. “Top-100”ün astanasında olan lənkəranlılar tarixlərinin ən yaxşı nəticəsinə nail olub.

15 addımlıq sıçrayışa imza atan “Neftçi” (30,87) də 154-cü yerdə qərarlaşıbsa, digər komandalarımızın mövqeyi ürəkaçan deyil. Belə ki, “Bakı” (22,89) 241-ci, “İnter” (22,45) 245-ci, AZAL (21,53) 258-cidir. Siyahıya düşən ən zəif təmsilçimiz “Simurq” 2,98 xalla 421-cidir.

Azərbaycanlı mütəxəssis Ramiz Məmmədovun çalışdırdığı Qazaxıstanın “Atırau” komandası isə 187-ci pillədə qərarlaşıb. Onlar 27,66 xala malikdir.

Bundan başqa son 1 ildə ən böyük irəliləyişə və geriləməyə imza atanların da adları məlum olub. Bir ildə 243 pillə irəliləyərək 345-ci yerdən 102-ci pilləyə qalxan “Xəzər Lənkəran” bu tərəqqiyə görə Avropada 3-cüdür. Onlar bu göstəricidə yalnız “MüPA-47” (Finlandiya) və “Dauqavpils” (Latviya) klublarından geri qalır.

Qeyd edək ki, siyahıya Pireney klubları başçılıq edir. İspaniya təmsilçiləri “Real” (126,47) 1-ci, “Barselona” (121,06) 3-cü, kataloniyalıları arxada qoyan Portuqaliyanın “Porto” (122,43) klubu 2-ci yerdə qərarlaşıb.
0