Azərbaycan kubokunda görünməmiş hadisə
05.05.2011 - 10:57
 Azərbaycan kubokunda görünməmiş hadisə
2010/11 mövsümündə Azərbaycan kubokunun final oyunu yeniliklə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, yarışın tarixində ilk dəfə həlledici görüşdə əcnəbi mütəxəssislərin çalışdırdığı komandalar üz-üzə gələcək. Bu, Azərbaycan kuboku üçün indiyədək görünməmiş hadisədir.

“İnter” klubuna rəhbərlik edən Kaxaber Sxadadze 4-cü cəhddən finaladək irəliləyə bilib. Öncə “Standard” və “İnter”in baş məşqçisi kimi final yolunda büdrəyən gürcüstanlı öz ölkəsinin Azərbaycan kubokunun finalındakı ilk təmsilçisi olacaq.

“Xəzər Lənkəran”ı finala rumıniyalı məşqçi Mihay Teja çıxaracaq. Lakin bu uğur baş məşqçi Mirça Rednikin ayağına yazılır. Çünki komandasına rəhbərlik edən rumıniyalı cəzalı olduğu üçün həmyerlisi texniki zonaya başçılıq edəcək. Əslində isə finala çıxan ilk rumıniyalı adı Rednikə məxsusdur. O, ilk cəhddən buna nail olub.

Qeyd edək ki, Rednik – Sxadadze finalına kimi 5 legioner mütəxəssis final həyəcanı yaşamışdı. Ukraynalılar Anatoli Konkov (2004/05) və Valentin Xodukin (2007/08, 2008/09) “İnter”i, İqor Nakoneçnı isə (2006/07) “MKT-Araz”ı finala daşısa da yerli məşqçi ilə dueldə uduzub.

Kubok qazanan yeganə əcnəbi isə ötən il “Bakı” ilə tarix yazan Cüneyt Biçərdir. Türkiyəlinin uğuru bu il mütləq təkrarlanacaq. Finala 2 gəlmə çıxdığından bu, qaçılmazdır. Ya Rednik, ya da Sxadadze kubokun qalibi olan 2-ci əcnəbi məşqçi olacaq.
0