“Kim çox pul versə, həmin kluba keçəcəm”
05.05.2011 - 11:41
“Kim çox pul versə, həmin kluba keçəcəm”
AZAL klubunun mərakeşli futbolçusu Zohair Benouahinin apasport.az saytına müsahibəsi

- NBC Azərbaycan kubokunun yarımfinal mərhələsində “İnter”ə məğlub olaraq, mübarizəni dayandırdınız. Əvvəlcə oyun haqda təəssüratlarınızı bildirərdiniz…
- Komandamız həqiqətən də yaxşı oynamadı. Əksinə, rəqib müsbət mənada fərqləndi. Onlar daha yaxşı oyun nümayiş etdirdilər. Hesabı erkən açdılar. Fasilədən sonra dönüş yaratmağa çalışdıq. Ancaq istədiyimizə nail ola bilmədik və məğlubiyyətlə barışdıq. Heyətimizdə zədəli futbolçular çox idi. Qarşılaşmanın gedişində də İbekoyi zədələnərək, meydanı tərk etdi. Özün də oyunu sonadək davam etdirə bilmədim.

- Oyun qabağı məşqdə AZAL-ın meydana həvəslə çıxmadığı hiss olunurdu. Bu yorğunluqla bağlı idi?
- Belə deməzdim. Oyunun əhəmiyyətini yaxşı bilirdik. Ona görə də uşaqlarda müəyyən gərginlik var idi. Rəqibimizin gücünə bələd idik. Çünki çempionat çərçivəsində onlarla 3 dəfə qarşılaşmışıq və nəyə qadir olduqlarından xəbərdar idik.

- Komandanızın qarşısına avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyulmuşdu. Kubok isə AZAL-ın buna nail olmasında ən qısa yol idi. Artıq mübarizəni dayandırdınız. Bundan sonra necə olacaq?
- Hələ şansımız davam edir. Diqqətimizi çempionat oyununa yönəldəcəyik. Burdan vəsiqəni təmin etməyə çalışacağıq.

- Zədə üzündən son 20 dəqiqədə komandanıza kömək edə bilmədiniz. Deyəsən, zədəniz ciddidir?
- Oyundan əvvəl də zədəm var idi. Son 2 oyunda uşaqlar xahiş edirdilər ki, çıx oyna. Mən də meydana iynə vurdurub çıxırdım.

- Necə düşünürsünüz, AZAL bu məğlubiyyətdən sonra çempionat oyunlarına motivasiya ola biləcəkmi?
- Növbəti turda “Bakı” ilə qarşılaşacağıq. Onları məğlub etmişik. Çalışacağıq ki, yenə qələbə qazanıb, turnir cədvəlindəki mövqeyimizi qoruyaq.

- Mövsüm sona yaxınlaşdıqca başqa komandaya transfer olacağınız gündəmə gəlib...
- Sözün açığı, mənə pul lazımdır, kim çox pul versə, həmin komandaya keçəcəyəm. Həm də mövsümün sonluğundan çox şey asılıdır. AZAL avrokuboklara vəsiqə qazansa, bu komandada qala bilərəm.

- Başqa komandalardan transfer təklifi varmı?
- Hollandiyanın “Feyenoord” klubundan təklif almışam. Ancaq mən Azərbaycanda qalmaq istəyirəm.