Bizdə Tıq-Tıq xanım, Rusiyada Matryoşka...
05.05.2011 - 13:19
Bizdə Tıq-Tıq xanım, Rusiyada Matryoşka...
2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına hələ 7 il qalsa da şimallılar mundialla bağlı işlərə start veriblər. Apasport.az saytının məlumatına görə, rusiyalılar çempionatın talismanı ilə bağlı ilkin seçimlərini ediblər. Onlar ayı və matryoşka arasında götür-qoy edirlər. Bəziləri Rusiyanın rəmzlərindən sayılan ayını favorit sayır.

Lakin şimallı mütəxəssislər 1980-ci ildə Moskva, 2014-cü ildə Soçi Olimpiadalarında olan talismanın yenidən təkrarlanmasını düzgün saymır. Onların iddiasına görə, heyvanın rəngini dəyişmək də təkrarçılığa əsas vermir. Bu üzdən də Rusiyada çox məşhur olan matryoşkalar üstünlük verənlər də kifayət qədərdir.

Ən maraqlısı isə matryoşkalırın ayıdan fərqli özəlliyi ilə seçilməsidir. Belə ki, bir-birinin işinə yerləşdirilən suvenirlərin sayı 32 olacaq. Bu isə mundial iştirakçılarının sayını əks etdirir.

Mundialların bütün talismanları:
1966 (İngiltətə) – Villi (şir)
1970 (Meksika) – Xuanito (oğlan)
1974 (AFR) – Tip və Tap (oğlanlar)
1978 (Argentina) – Qauçito (oğlan)
1982 (İspaniya) – Naranxito (portağal)
1986 (Meksika) – Pike (istiot)
1990 (İtaliya) – Çao (futbolçu fiquru)
1994 (ABŞ) – Strayker (köpək)
1998 (Fransa) – Futiks (xoruz)
2002 (Yaponiya və Cənubi Koreya) – Ato, Kaz, Nik (kompüter varlıqları)
2006 (Almaniya) – Qoleo (şir) və Pille (top)
2010 (CAR) – Zakumi (bəbir)

Qeyd edək ki, gələn il Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının talismanı ilə bağlı da seçim aparılır. Apasport.az saytının ideya və təklifi olan Tıq-Tıq xanım da bu seçimlərin əsas favoritidir.