Əsədov Tuayevi arxada qoydu, Allahverdiyev əlçatmazdır!
05.05.2011 - 13:40
Əsədov Tuayevi arxada qoydu, Allahverdiyev əlçatmazdır!
Arif Əsədov baş məşqçi kimi Azərbaycan çempionu etdiyi “Neftçi” klubunun tarixinə düşdü. Apasport.az saytının hesablamalarına görə, 41 yaşlı Əsədov komandasının ən gənc çempion çalışdırıcısı oldu.

“Neftçi”ni bunadək çempion edənlər Kazbek Tuayevlə Ağasəlim Mircavadov olub ki, keçmiş müdafiəçi hər ikisinin rəhbərliyi altında oynayıb. Özü də Əsədov 1996-cı ildə “Neftçi”nin futbolçusu kimi çempion olan zaman baş məşqçisi Tuayev idi. Həmin vaxt 56 yaşı olan mütəxəssisin “ağ-qaralar” ən cavan çalışdırıcı kimi rekordu 15 ildən sonra yetirməsi tərəfindən qırıldı. Tuayev ilk çempionluğunu “Turan”da qazandığı zamanı isə yaşı daha az – 54 idi. Həm o, həm də Mircavadov “Neftçi” ilə çempion olduqlarını zamanı yaşları 50-ni keçib.

Azərbaycan çempionluğunu qazanan bütün baş məşqçilərin siyahısına nəzər salanda isə Əsədovun ən gənc olmadığını görə bilərik. Bunda mütləq rekord uzun fasilədən sonra futbola qayıdan, artıq 2 aydır “Gəncə”ni çalışdıran Mehman Allahverdiyevə məxsusdur. O, “Kəpəz”lə hər 3 çempionluğunu qazanarkən, Əsədovdan yaşca kiçik olub. 35 yaşında çempion baş məşqçi olan Allahverdiyevin bu rekordu belə gedişlə hələ uzun müddət əlçatmaz olacaq.

Baş məşqçi kimi ən qoca çempionumuz isə Valentin Xodukindir. Ukraynalının “İnter”lə qızıl medal qazananda 69 yaşı olub. Xodukin Azərbaycanda nəinki çempion, ümumiyyətlə, titul qazanan ilk əcnəbi mütəxəssis kimi futbol tariximizə düşüb.

Qeyd edək ki, qızıl medalları sona 3 tur qalmış təmin edən Əsədovun əsas rekordu həm futbolçu, həm də baş məşqçi kimi ilk Azərbaycan çempionu olmasıdır.


Azərbaycan çempionları

1992 mövsümü. “Neftçi” – baş məşqçisi Əhməd Ələsgərov (1935-ci il təvəllüdlü). 57 yaşında çempion olub.

1993. “Qarabağ” – Ağasəlim Mircavadov (1947). 46 yaşında çempion olub.

1993/94. “Turan” – Kazbek Tuayev (1940). 54 yaşında çempion olub.

1994/95. “Kəpəz” – Mehman Allahverdiyev (1960). 35 yaşında çempion olub.
1995/96. “Neftçi” – Kazbek Tuayev (1940). 56 yaşında çempion olub.

1996/97. “Qarabağ” (AFFA-nın versiyası) – Elbrus Abbasov (1950). 47 yaşında çempion olub.
“Neftçi” (UEFA-nın versiyası) – Kazbek Tuayev (1940). 57 yaşında çempion olub.

1997/98. “Kəpəz” – Mehman Allahverdiyev (1960). 38 yaşında çempion olub.

1998/99. “Kəpəz” – Mehman Allahverdiyev (1960). 39 yaşında çempion olub.

1999/00. “Şəmkir” – Ağasəlim Mircavadov (1947). 53 yaşında çempion olub.

2000/01. “Şəmkir” – Ağasəlim Mircavadov (1947). 53 yaşında çempion olub.

2001/02. Çempionat sona kimi başa çatdırılmayıb.

2003/04. “Neftçi” – Kazbek Tuayev (1940). 64 yaşında çempion olub.

2004/05. “Neftçi” – Ağasəlim Mircavadov (1947). 58 yaşında çempion olub.

2005/06. “Bakı” – Böyükağa Hacıyev (1958). 48 yaşında çempion olub.

2006/07. “Xəzər Lənkəran” – Ağasəlim Mircavadov (1947). 50 yaşında çempion olub.

2007/08. “İnter” – Valentin Xodukin (Ukrayna, 1939). 69 yaşında çempion olub.

2008/09. “Bakı” – Qyoko Hacıyevski (Makedoniya, 1955) 54 yaşında çempion olub.

2009/10. “İnter” – Kaxaber Sxadadze (Gürcüstan, 1968). 42 yaşında çempion olub.

2010/11. “Neftçi” – Arif Əsədov (1970). 41 yaşında çempion olub.

Mehman SÜLEYMANOV