Mandiç, futbolu at!
05.05.2011 - 15:42
Mandiç, futbolu at!
AZAL klubunun serbiyalı futbolçusu Draqan Mandiç ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, artıq 3 aydır yaşıl meydandan kənarda qalan 35 yaşlı legionerin bir daha nəinki “təyyarəçilər”in heyətində, ümumiyyətlə, meydana çıxmayacağı gözlənilir.

Buna səbəb Mandiçin onurğa sütunundakı problemidir. Həkimlər belində əyrilik aşkara çıxan Draqanı futbolu atmağı məsləhət görürlər. Yəni, onun bu vəziyyətdə oynaması çox çətindir və yaşını da nəzərə alsaq, karyerasını bitirəcəyi gözlənilir.

Düzdür, Mandiç müalicə məqsədilə Bakıdan vətəninə gedib-gəlir. Ancaq klubun ciddi problemi olan veteranı saxlamaqda maraqlı olmamağı başa düşüləndir.

Qeyd edək ki, Draqan sonuncu dəfə fevralın 20-də “Xəzər Lənkəran”la səfər oyununda (1:2) iştirak edib və 70-ci dəqiqədə əvəzlənib. O, “təyyarəçilər”in tarixində uzun müddətdir oynayan legionerlərdəndir.

2006-cı ildən, komanda hələ “Olimpik” adlanan vaxtda şərəfini qoruyan Mandiç milli çempionatımızda 107 oyun keçirib və 4 qol vurub. O, komandasında oyun sayında yalnız milliləşdirilən nigeriyalı müdafiəçi Usim Ndukadan geri qalır.

Mehman SÜLEYMANOV