“Bakı” 2 sindromu birdən qırdı
07.05.2011 - 23:01
“Bakı” 2 sindromu birdən qırdı
“Bakı” Premyer Liqasının final mərhələsində ilk qələbəsini qazandı. Apasport.az saytının hesablamalarına görə, “zolaqlılar” “altılıq”da yendiyi AZAL-la oyunlarda uğursuzluq sindromuna da son qoydu.

Belə ki, “Bakı” cari mövsümdə rəqibinə 4-cü görüşdə qalib gəldi. Arxada qalan 3 oyundan 2-də AZAL minimal fərqlə (3:2 və 1:0) qələbə qazanmış, 1 oyun bərabərliklə nəticələnmişdi – 0:0. “Bakı” həmşəhərliləri “Olimpik-Şüvəlan” adlanan vaxtda onu yenmişdi. Bu, 2009-cu ilin sentyabrın 20-də səfər oyununda 1:0 hesabı ilə əldə edilmişdi. Həmin qələbədən 594 gün ötür. Nazim Süleymanov AZAL-ın çalışdırıcı kimi keçmiş komandasına ilk dəfə uduzdu. O, 2009-cu də “zolaqlılar”ın heyətində ölkə çempionluğunu qazanıb.

Bu qələbə ilə “Bakı” 2 sindroma son qoydu. Belə ki, Aleksandr Starkovun çalışdırdığı komanda Premyer Liqamızda son qələbəsini bu ilin fevralın 19-da, 77 gün öncə Tovuzda “Turan”la görüşdə (1:0) əldə etmişdi. Bu, Starkovun milli çempionatımızda 2-ci, kuboku da nəzərə alsaq, indiki komandasında 4-cü qələbəsi oldu.

Rəqibindən fərqli, “Bakı”nın həm medalçı olmaq, həm də avrokuboklara çıxmaq şansını AZAL-la oyuna kimi birdəfəlik itirmişdi. Bu mənada “təyyarəçilər”ə qələbə daha çox lazım olsa da, “zolaqlılar” iddiasının qalmasına baxmayaraq, heç kimə güzəştə getmək fikrində olmadığını göstərdi.

Qeyd edək ki, “Bakı” bu həftə Tofiq Bəhramov adına Respublika stadionunda keçirdiyi hər 2 oyunda eyni hesabla qalib gəldi – 2:1. Bunlardan biri “Xəzər Lənkəran”la ölkə kubokunun yarımfinalında olsa da, ölkə kubokunun son sahibinin evdə buraxdığı qol finala çıxmasına imkan vermədi.

Mehman SÜLEYMANOV
0