“Mançester Yunayted”dən “Neftçi”yə hədiyyə
10.05.2011 - 10:02
“Mançester Yunayted”dən “Neftçi”yə hədiyyə
Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsinin püşkü zamanı komandaların bölünəcəyi səbətlərin tərkibində dəyişikliklər baş verib. Apasport.az saytının məlumatına görə, yarışa bu mərhələdən başlayacaq 18 klubun adı məlumdur.

Onlardan 7-nin səpələnmişlər, 10-nun səpələnməmişlər sırasında olacağı da dəqiqləşib. Daha bir çempionun isə hələlik hansı səbətdə yer alacağı bilinmir.

Azərbaycan çempionu “Neftçi” səpələnməmişlər sırasında olduğundan, təmsilçimizi səpələmişlərdən biri ilə oyun gözləyir. Bu isə o deməkdir ki, artıq potensial rəqiblərdən 7-si məlumdur. Daha 8 ölkədə çempionun səpələnmişlərə yüksələcəyi dəqiqdir. Lakin həmin çempionların özləri bilinmir.

Yeri gəlmişkən, ÇL cari mövsümünün yarımfinal matçları səbətlərlə bağlı dəyişikliklərə gətirib çıxarıb. Buna Almaniya çempionatından bu yarışa vəsiqə qazana bilməyən, lakin kubokun sahibi kimi ÇL-ə nail olmaq ümidləri “Mançester Yunayted”lə görüşdə dəfn edilən “Şalke” səbəb olub.

Belə ki, “Şalke”nin kuboku qazanacağı halda ilk təsnifat mərhələsində 6 komanda oynayacaqdı. Üstəlik, bəzi klublar mübarizəyə nisbətən erkən başlayacaqdı. Lakin “Mançester Yunayted” buna imkan vermədi. Bundan ən çox qazananlardan biri də digər Britaniya təmsilçisi Şotlandiyadır.

Belə ki, bu ölkənin çempionu artıq II deyil, III təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. “Neftçi”nin potensial rəqibləri arasında ən güclü sayılan britaniyalıların belə irəliləməsi, çempionumuzun xeyrinədir.

Qeyd edək ki, Şotlandiyada çempionluğa cəmi 2 namizəd qalıb: “Seltik” və “Qlazqo Reyncers”.

Çempionlar Liqasının II təsnifat mərhələsində komandaların bölgüsü

Səpələnmişlər: BATE (Belarus), “Rusenborq” (Norveç), APOEL (Kipr), HİK (Finlandiya), “Dinamo” (Xorvatiya), “Ekranas” (Litva), “Malmö” (İsveç), İsrail, Çexiya, Bolqarıstan, Serbiya, Avstriya, Polşa, Slovakiya, Gürcüstan çempionları

Səpələnməmişlər: “Pünik” (Ermənistan), “Skonto” (Latviya), “Banqor Siti” (Uels), “Torshavn” (Farer adaları), “Linfild” (Şimali İrlandiya), “Tobol” (Qazaxıstan), “Flora” (Estoniya), “Breydablik” (İslandiya), “Neftçi” (Azərbaycan), “Skenderbeu” (Albaniya), Çernoqoriya, Macarıstan, Makedoniya çempionları, I təsnifat mərhələsinin 2 qalibi

Qeyri-müəyyənlər: “Şemrok Rovers” (İrlandiya), Bosniya və Herseqovina, Moldova, Sloveniya çempionları.
0