Zaur Məmmədov: Heç bir futbolçudan çəkinmirəm
10.05.2011 - 16:08
Zaur Məmmədov: Heç bir futbolçudan çəkinmirəm
“Ötən yay siyasətimizi dəyişdirdiyimizə görə peşman deyiləm. Məni peşman edən bəzi futbolçularımızın məsuliyyətsizliyi oldu”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Simurq” klubunun prezidenti Zaur Məmmədov deyib.

Tarixində ən uğursuz mövsümü keçirən Zaqatala təmsilçisinin 2006-cı ildən oynadığı güclülər dəstəsində qalmayacağı sona 2 tur qalmış dəqiqləşdi. Halbuki, rəhbərlik qış fasiləsində heyətinə qatdığı bir sıra təcrübəli futbolçuların köməyi ilə Premyer Liqada yerini qoruyacağını düşünürdü. Ancaq bu, gerçəkləşmədi və hələ keçən yay əcnəbilərin hamısını yola salaraq, əsasən gənc və təcrübəsiz futbolçulara güvənən əyalət komandası bunun acı nəticəsini gördü.

Məmmədov bəzi futbolçulardan narazı qaldığını gizlətmədi: “Onların adlarını çəkmək istəməzdim. Ona görə yox ki, çəkinirəm. Ümumiyyətlə, klub prezidenti kimi heç bir futbolçudan çəkinəcəyim yoxdur. Sadəcə, gələcək karyeralarına problem yaratmaq istəməzdim. Onlar hansı komandaya gəldiklərinin məsuliyyətini hiss etməli idilər. “Simurq”un cari mövsümə qədər çıxışı yüksələn xətlə idi. Əvvəlcə 9-cu, sonra 7-ci yeri tutduq, 2009-cu ildə isə ən yüksək nailiyyətimizə imza atdıq – bürünc medal qazanıb, ölkəmizi Avroliqada təmsil etdik”.

Prezidentin sözlərinə görə, qış fasiləsində dəvət etdikləri Emin Quliyev, Fərid Quliyev və Mario Souza kimi təcrübəli futbolçular ümidləri doğrultmayıb: “Onların zədə ilə bağlı problemləri vardı. Misal üçün, Mario əməliyyat olunduqdan sonra gəlmişdi. Biz komandaya futbolçu gələndə onları yoxlayırıq. Ancaq Souzanın qasıq nahiyəsindəki probleminin o dərəcədə ciddi olmasını bilə-bilməzdik. O, indi də zədəlidir, 1-2 oyunda meydana çıxdı. Emin əzələsini dartdı. Fəridi zəif futbolçu saymıram. Ancaq elə futbolçular var ki, onların başqa klubda oyunu alınmır və Quliyev də belə aqibətlə üzləşdi. Bütün bunlar xırda-xırda yığılanda, komandaya problemlər yaradır və sonda onlar bizə kömək edə bilmədiklərindən, çıxılmaz vəziyyətdə qaldıq. Halbuki, gənc futbolçularla təcrübəlilərin vəhdətindən faydalanacağımızı düşünürdük”.

İndi hamını maraqlandıran “Simurq”un I diviziondakı taleyidir. Ötən yay Premyer Liqada yerini qoruya bilməyən “Standard” klubu aşağı dəstədə oynamaqdan imtina edərək, dağıldı. Maraqlıdır, görəsən “Simurq” da belə aqibətlə üzləşərək, futbol səhnəmizdən silinəcəkmi?

Məmmədovun fikrincə, onları belə problem gözləmir: “Böyük ehtimalla, I divizionda oynayacağıq. Düzdür, artıq I diviziona düşməyimiz rəsmiləşsə də, mövsüm hələ bitməyib. Çempionatın qurtarmasını gözləyirik. Onda rəhbərliyin iştirakı ilə yığıncaq olmalı və orada I divizionla bağlı planlar müzakirə edilməlidir. Həmin vaxt sponsorlarımızla görüş olacaq. Çünki I divizionda büdcəmiz, qarşıda hansı vəzifələrin olacağı müəyyənləşməlidir. Zaqatalada futbol ənənələri olub. Şükür Allaha, infrastrukturumuz, stadionumuz da var. Bütün bunları nəzərə alsaq, bölgəni futbolsuz qoymamalıyıq”.

Klub prezidenti heyətdə böyük dəyişikləri zəruri sayır: “I divizionda heyətimizdə böyük dəyişikliklər olacaq. İndiki futbolçuların çoxu ilə yollarımızı ayırıb, komandanı yerlilərdən quracağıq. Daha bunlar 20-25 yox, 17-18 yaşlı futbolçular olmalıdır. Yəni I divizionda əsas vəzifəmiz futbolçu yetişdirmək olacaq. Hazır olduq-olmadıq, Premyer Liqaya qayıtmağa can atmayacağıq. Düzdür, güclülər dəstəsinə çıxmağa imkan verən 1-2-ci yer uğrunda mübarizə aparacağıq. Ancaq əsas məsələ futbolçu yetişdirib, komanda şəklində hazır olmaqdır”.

Məmmədov bildirib ki, görüşdə makedoniyalı baş məşqçisi Qyoko Hacıyevskinin də taleyinə də aydınlıq gələcək: “Hacıyevskinin gələcək taleyinin necə olacağı ilə bağlı sual hazırda mənə qaranlıq qalır. Sponsorların məsələyə yanaşmasından, hədəfdən çox şey asılıdır. Misal üçün, gələn mövsüm kluba 5 manatlıq büdcə ayrılacaqsa, bununla Hacıyevskini saxlaya bilmərəm”.

Mehman SÜLEYMANOV
0