Zlatan İbrahimoviç Mahmud Qurbanova çatdı
11.05.2011 - 15:23
Zlatan İbrahimoviç Mahmud Qurbanova çatdı
Məşhur isveçli hücumçu Zlatan İbrahimoviç dünya futbolunda görünməmiş uğura imza atıb. Apasport.az saytının məlumatına görə, “Milan” klubunun 30 yaşlı futbolçusu ölkə çempionatlarında ardıcıl 8-ci çempionluğunu qazanıb.

İbrahimoviç buna 3 müxtəlif ölkədə - Hollandiya, İtaliya və İspaniyada nail olub: “Ayaks”la (2004-cü ildə) Hollandiya, “Yuventus” (2005, 06), “İnter” (2007, 08, 09) və “Milan”la (2011) İtaliya, “Barselona” ilə İspaniya (2010) çempionatında.

Düzdür, I diviziona göndərilən “Yuventus”un həmin 2 çempionluğu oyun alqı-satqısında iştirakına görə İtaliya Futbol Federasiyası tərəfindən əlindən alınaraq, Zlatanın sonradan keçdiyi “İnter”ə verildi.

Əslində, bu qədər, hətta daha artıq çempion olan futbolçular var. Buna misal kimi elə ən titullu futbolçumuz Mahmud Qurbanovu göstərmək olar. “Bakı” klubunun 38 yaşlı yarımmüdafiəçisi 10 dəfə ölkə çempionluğunu qazanmaqla, Zlatanı qabaqlayır.

Ancaq fərq ondadır ki, Qurbanov bunun hamısına yalnız vətənində nail olub. Ancaq Mahmud ardıcıl çempionluqlarına görə İbrahimoviçlə müqayisə oluna bilər.

Belə ki, “Professor” ləqəbli futbolçumuz ardıcıl 6 dəfə çempionluq sevinci yaşadı. Bu, “Kəpəz”lə (1998, 99), “Şəmkir”lə (2000, 01) və “Neftçi” ilə (2004, 05) ardıcıl çempionluqlar idi. Qurbanovun bu seriyası 2006-cı ildə “Xəzər Lənkəran”da oynadığı vaxtda qırıldı. Düzdür, o, növbəti mövsümdə həmin komanda, ardından “İnter” (2008) və “Bakı” (2009) ilə 1-ci olmaqla, ardıcıl 3 il çempion oldu.

İbrahimoviçin “Yuventus”dakı çempionluqları silindiyindən, nəticəsi Qurbanovdakı kimi olur. Mahmudun isə 2 dəfə qızıl medal qazanmasına imkan verilməyib. Belə ki, onun heyətində yer aldığı “Şəmkir” 2001/02 mövsümündə lider kimi çempionluğa doğru inamla irəlilədiyi halda, çempionatımız klublarımızla AFFA-nın o vaxtkı rəhbərliyi arasında münaqişə üzündən yarımçıq dayandırıldı. Nəticədə 1 il çempionatımız keçirilmədi, UEFA 2 illik cəza ilə klublarımızı avrokuboklardan kənarda qoydu.

Qurbanovun çempionluq seriyası isə hələ 1997-ci ildən başlayıb. Sadəcə, həmin vaxt AFFA onun oynadığı “Neftçi”ni yox, “Qarabağ”ı çempion saydı. Düzdür, UEFA, sonradan isə Peşəkar Futbol Liqası “Neftçi”ni çempion kimi tanıdı. Ancaq istənilən halda, Mahmud həmin vaxt qızıl medal almayıb. 1996/97 və 2001/02 mövsümlərini nəzərə alsaq, futbolçumuz ardıcıl 8 çempionatın qalibi olub.

Mehman SÜLEYMANOV
0