Həmit Altıntop da “Real”a gedir
12.05.2011 - 14:38
Həmit Altıntop da “Real”a gedir
Türkiyə yığmasının daha bir futbolçusunun Madrid “Real”ına keçidi reallaşır. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, az öncə Nuri Şahini Dortmund “Borussiya”sından alan “Kral klubu”nun Bundesliqanın digər təmsilçisi – “Bavariya”nın yarımmüdafiəçisi Hamit Altıntopla müqavilə bağlayacağı vaxt müəyyənləşib.

28 yaşlı futbolçu növbəti həftə Madridə yollanıb, 4 illik rəsmi anlaşma imzalayacaq. O, bir mövsümə 2,4 milyon avro qazanacaq. Altıntopun hər oyun sayına və komandada olduğu müddətdə qazanılan kuboklara görə maaşı artacaq.

“Real”ın baş məşqçisi Joze Mourinyo “Bavariya”dan 100 milyonluq Aryen Robben, Frank Riberi kimi ulduz futbolçulardansa, Hamiti transfer etməyi üstün tutub. Türkiyəli futbolçunun klubla müqaviləsi cari mövsümün sonunda bitdiyindən, sərbəst olacaq və daha çox ehtiyatda olduğundan, “Bavariya”da qalmaq istəmir. Pedro Leonu mövsümün sonunda kənarlaşdıracaq Mourinyo onun yerinə Hamiti həm yarımmüdafiənin sağında, həm də solunda, bəzən isə hətta dayaq yarımmüdafiəçisi kimi oynadacaq.

Qeyd edək ki, “Real”ın tarixində ilk türk futbolçu ötən yay Almaniyanın digər klubu – “Verder”dən alına Məsut Özil oldu. O da Hamit və Nuri kimi Almaniyada mühacir olsa da, həmyerlilərindən fərqli, tarixi vətənini yox, doğulub, boya-başa çatdığı ölkəni seçdi.