Elvin Əliyev: Hamı bizdən bu suala cavab istəyir
12.05.2011 - 23:05
Elvin Əliyev: Hamı bizdən bu suala cavab istəyir
“Hamı bizdən bu suala cavab istəyir. Sizi inandırım ki, özümüz də bilmirik, bilsək, əlac edərdik”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL-ın müdafiəçisi Elvin Əliyev deyib.

Mövsümə yaxşı start verən, çempionatla yanaşı, ölkə kubokunda da uğurlu oyunlar keçirən AZAL sona yaxın büdrəməyə başladı. Belə ki, komanda əvvəlcə əsas mərhələnin son 6-7 matçında qələbə qazana bilmədi. Düzdür, ilk “altılıq”a qələbə ilə başlayan Nazim Süleymanovun yetirmələri 4 oyuna 9 xal toplaya bildi.

Lakin sonradan məğlubiyyətlər sıralanmağa başladı. Son 4 görüşdə isə “təyyarəçilər” aktivlərinə 1 xal belə yazdıra bilməyiblər. Kubokun yarımfinalında isə “İnter”ə məğlubiyyət paytaxt təmsilçisinin avrokuboklara vəsiqə sevdasını heçə endirdi. İndi yeganə əlac dördüncü pilləyə sahib çıxmağa və “Xəzər Lənkəran”ın final matçında qələbə qazanmasına qalıb.

Son turda “Bakı”ya məğlub olan AZAL meydanda heç nə ilə yadda qalmadı. Komanda sanki mübarizə aparmaq istəmir. Bu gün daha bir çətin oyuna çıxacaq Süleymanovun yetirmələri “İnter”i məğlub etməyə borcludurlar.

Ancaq son qarşılaşmada müşahidə edilənlər AZAL-ın işinin çətin olacağını söyləməyə əsas verir. Fikrini öyrəndiyimiz müdafiəçi də bu cür vəziyyətin hardan qaynaqlandığını izah edə bilməyib: “Elə vaxtlarımız olub ki, birinci yerə yüksəlməyə yaxın olmuşuq. Ancaq sonradan turnir cədvəlinin 5-ci pilləsinə də yuvarlanmışıq. Ancaq indiki vəziyyətin nə ilə bağlı olduğunu bilmirəm. Çox maraqlıdır ki, 4 oyunda 1 xal belə toplamamışıq. Bu cür vəziyyət AZAL kimi komandaya yaraşmır. Qarşıda 2 çətin oyunumuz var. Çalışacağıq ki, heç olmasa bu görüşlərdə qələbə qazanaq”.