Əfqan Həmzəyevin “Neftçi” məhəbbəti
13.05.2011 - 05:00
Əfqan Həmzəyevin “Neftçi” məhəbbəti
Yenidən Əfqan Həmzəyevin "maç-maç, quc-quc" söhbətinə toxunub, "Neftçi"nin çempionluğuna kölgə salmaq istəməzdim. Amma birilərinin futbol ictimaiyyətini barmaqlarına sarımaq istəyinə göz yummaq olmur.

Həmişə demişəm ki, xasiyyətcə mülayim təbiətli insan olan Həmzəyevin oyunlara özbaşına "barmaq etdiyinə" heç vaxt inanmamışam, inanmaram da. Necə deyərlər, bu, onun "kol"u deyil. Əfqan bəy yalnız başbilənlərinin sifarişini yerinə yetirə bilər ki, bunu da isbatlamağa əşyayi-dəlil lazımdı, hansı ki, dünənə qədər yox idi.

Hə, Hakimlər Komitəsi qorxusundan bu adamı cari mövsümdə bir dəfə də olsun Lənkəran göndərməyib, "Neftçi" Həmzəyevin idarə etdiyi 4 matçdan 3-də qalib gəlib, 1-də isə heç-heçə edib. Amma axı, bunlar fakt deyildi.

Kiminsə əlində maddi sübut olmasa da, "Əfqan Həmzəyevin "Neftçi" məhəbbəti" dillərə düşüb, möhtəşəm "sevgi dastanı"na çevrilməkdə idi. Elə bu dəm Həmzəyevin "öpücüklərinin" yer aldığı videogörüntü yayıldı və dünənə kimi onun sevgisinə inanmayanların ürəyindəki şübhələri əritdi.

Premyer Liqanın XXVII turunda Tofiq Bəhramov adına Respublika stadionunda AZAL-ı qəbul edən "Neftçi" 2:1 hesabı ilə qələbə qazanıb, çempionluq yolunda önəmli addım atdı. Oyun bitər-bitməz həmin bu Həmzəyev həmkarlarımızın gözü qarşısında “ağ-qaralar”ın prezidenti Sadıq Sadıqovun boynuna hoppanıb, onu qələbə münasibəti ilə təbrik etmişdi. Di gəl ki, sonradan and-aman elədi ki, belə şey olmayıb. Sən demə, ətrafdakıları "qara basırmış".

Premyer Liqanın XXIX turu, fərqli məkan, eyni olay. Şüvəlanda AZAL-ın yeni stadionunda "təyyarəçilər"in qonağı olan "Neftçi" 3:1 hesabı ilə qalib gəlib, çempionluğunu rəsmiləşdirdi. Oyun bitdikdən sonra “ağ-qaralar”ın futbolçularını çıxışda təbrik etməyə gələnlərin sırasında həmin bu Əfqan Həmzəyev də vardı. Gəlmişdi ki, "Neftçi"nin adamı olduğunu bir daha isbatlasın, "həmişə yanınızdayam" desin. Yenə də həmin maç-maç, quc-quclar. Özü də kameralar qarşısında. Utanıb, qızarmadan...

Ən maraqlısı isə odu ki, məsələyə münasibət bildirən Əfqan bəy "hadisənin baş verdiyi anın görüntüləri ortadadı" deyib. Bilirsiz bu, nə deməkdi? Yəni yesəz də budu, yeməsəz də. Yəqin ki, hər iki "öpüşmə səhnəsi"nin AZAL-la oyunlara təsadüf etməsi sizin də diqqətinizi çəkdi. Əfqan bəyin niyə "təyyarəçilər"lə duellərdə "cuşa gəldiyini" bilmirəm, amma onun davranışında "Neftçi" rəhbərliyinin də günahı var. Əgər Sadıq Sadıqov vaxtında "Əfqan, düş boynumdan, çempionluğumuza kölgə salma" desəydi, Həmzəyev növbəti dəfə Georgiyevskidən tutmuş masajçılaradək hamını öpməzdi.

Üstəlik, "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov deyir ki, hakimlər tərəfindən belə addımlar atıldıqda müəyyən dairələr bunu bilərəkdən şişirdirlər, "Neftçi"nin layiqli çempionluğuna kölgə salırlar. Birincisi, bu olayı şişirtməyə gərək yoxdu. Həmzəyevin özünün də dediyi kimi, hadisənin baş verdiyi anın görüntüləri ortadadı. İkincisi, sizcə camaat nə düşünməlidi, Tahir? Heç Həmzəyevin Georgi Nikolovu, Mais Mənsimovu və ya başqa bir klub prezidentini öpüb, qucaqladığını görmüsüzmü?

Belə mənasız sözlər danışmaqdansa, ya adamınıza qulaqburması verin ki, özünü yığışdırsın, ya da klubda inzibatçıdan, fotoqrafdan-zaddan təyin edin, halal çörəyini qazansın.
ŞAMO, “Ekspressfutbol” qəzeti
0