Musa Süleymanov: Qoy, öncə Asim İbrahimov danışsın, sonra da mən
13.05.2011 - 09:25
Musa Süleymanov: Qoy, öncə Asim İbrahimov danışsın, sonra da mən
“Turan” klubunun baş məşqçisi postu yenə boş qalıb. Apasport.az saytının məlumatına görə, türkiyəli mütəxəssis Naci Şensoyun istefaya göndərilməsindən sonra çempionatın son 3 oyununda baş məşqçi vəzifəsinin icrası Asim İbrahimova tapşırılsa da, o, komandanı XXXI turda “Simurq”a evdə 2:1 hesabı ilə qalib gəldikləri görüşə çıxarmayıb. Yalnız “Qəbələ”yə səfərdə 0:1 hesabı ilə uduzduqları matçda postunda olan İbrahimov mövsümün sonunadək qalmağı lazım bilməyib.

Məsələyə aydınlıq gətirmək üçün “Turan”ın prezidenti Musa Süleymanovla əlaqə saxladıq. Ancaq Süleymanov apasport.az-a geniş açıqlama verməyib: “İbrahimovun niyə vəzifəsində olmadığını özündən soruşun. Desin görüm, hara, niyə gedib? Çünki icazəsiz gedib. Qoy, öncə İbrahimov açıqlama versin, səbəbini desin, sonra mən fikirlərimi bildirərəm”.

Qeyd edək ki, bu, “Turan”da cari mövsümdə artıq 4-cü baş məşqçi gedişidir. Fərq ondadır ki, bunadək Şensoy, Sakit Alıyev və gürcü Revaz Dzodzuaşvili rəhbərlik tərəfindən vəzifələrindən kənarlaşdırılmışdı.

Mehman SÜLEYMANOV