“Uembli”də möhtəşəm final
27.05.2011 - 11:30
“Uembli”də möhtəşəm final
Sabah UEFA Çempionlar Liqasında (ÇL) final matçı keçiriləcək. Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted” (İngiltərə) və “Barselona” (İspaniya) klubları Londondakı məşhur “Uembli” stadionunda həlledici görüşə çıxacaqlar.

Rəqiblər indiyədək bir dəfə ÇL-in finalında üzləşiblər. Bu, 2009-cu ildə olub və həmin vaxt “Barselona” 2:0 hesabı ilə qalib gəlib. İndi həmin məğlubiyyətin əvəzini çıxmaq üçün “qırmızı şeytanlar”ın əlinə yaxşı imkan düşüb. Üstəlik, final İngiltərədə keçirildiyindən, qələbəyə daha böyük stimul var.

Ancaq digər tərəfdən, “Uembli” stadionu bu il “Mançester Yunayted” üçün düşərli olmayıb. Belə ki, komanda İngiltərə kubokunun yarımfinalında həmşəhərliləri “Mançester Siti”yə derbi matçında 0:1 hesabı ilə uduzub.

2 il əvvəlki finalla müqayisədə komandaların heyətində böyük dəyişiklik yoxdur. Baş məşqçilər Aleks Ferqyussonla Xosep Qvardiola yenə də baş məşqçi postundadırlar. Əsas dəyişiklik kimi portuqaliyalı Kriştianu Ronaldonun “Mançester Yunayted”dən, 2009-cu ildəki finalda hesabı açan kamerunlu Samuel Eto’Onun “Barsa”dan gedişini göstərmək olar.

Hər 2 komanda mövsümü çempion kimi başa vurub. Ancaq hər halda, Avropada ən nüfuzlu yarışının qalibi olmaq daha böyük uğur sayılır. Bu mənada finalçılar qitə miqyaslı turniri də titulla başa vurmağa çalışacaqlar.

Turnir ÇL adlanan dövrdən sonra “Mançester Yunayted”lə “Barselona” hərəyə 2 dəfə kuboku qazanıblar. İngilislər 1999 və 2008, ispanlar isə 2006 və 2009-cu illərdə qələbəni bayram edib.

Qeyd edək ki, Mişel Platini UEFA prezidenti seçiləndən sonra ÇL-in finalı adət etdiyimiz kimi çərşənbə yox, şənbə günü keçirilir. Bakı vaxtilə saat 23:45-də başlayacaq görüşü Viktor Kaşşainin başçılıq etdiyi macarıstanlı hakimlər briqadası idarə edəcək.