“İnter” 2 legionerindən imtina etdi, Poşkusun gedişi problem yaradır
27.05.2011 - 11:52
“İnter” 2 legionerindən imtina etdi, Poşkusun gedişi problem yaradır
“İnter” 2 futbolçusu ilə yollarını ayırır. Apasport.az saytının məlumatına görə, “bankirlər” gürcüstanlı müdafiəçi Kaxaber Mjavanadze və makedoniyalı yarımmüdafiəçi Filip Despotovskidən imtina edir.

Paytaxt təmsilçisinin çoxsaylı legionerlərindən yalnız bu ikisinin müqaviləsinin müddəti bitib və rəhbərlik onlarla anlaşmanın müddətini uzatmaq fikrində deyil. Ötən il “İnter”in heyətində çempion olan Mjavanadze keçən mövsümdə əsas heyətdə yerini itirdi. Uzun müddət zədə üzündən oynamayan cinah müdafiəçisi sağaldıqdan sonra meydana daha çox əvəzetmədən meydana çıxırdı.

Despotovski isə Mjavanadzedən fərqli, indi də milli komandasına çağırılır. Ancaq ötən yay “transfer pəncərəsi”nin sonunda komandaya dəvət edilən Filip ümidləri doğrultmadı. Əsas heyətdə möhkəmlənə bilməyən makedoniyalı bolqar yarımmüdafiəçi Petar Zlatinov zədə üzündən kənarda qalanda start “11-liy”ində yer alırdı. “Xəzər Lənkəran”la kubokun finalında ilk dəqiqələrdən meydana çıxan Despotovskinin bir neçə dəfə buraxdığı səhv gürcü baş məşqçisi Kaxaber Sxadadzenin narazılığına səbəb oldu və sonda futbolçunu əvəzlədi. Dayaq yarımmüdafiəçisi mövqeyində oynayan Despotovski kuboku da nəzərə alsaq, “İnter”də 14 oyunda keçirdi və 1 qol vurdu. Vaxtilə Moskva “Spartak”ında oynamış Mjavanadze isə kubokla birgə 20 görüş keçirib.

“İnter”də gedişi ən çox müzakirə olunan litvalı Robertas Poşkusdur. Təcrübəli hücumçu ötən il komandanın bombardiri kimi çempionluqda böyük əməyi olsa da, başa çatan mövsümdə kölgədə qaldı. Poşkus qış fasiləsində ailə problemləri üzündən “Birlik kuboku”da gəlmədikdən sonra gedişi gündəmdə idi. Ancaq onda bir müddət əvəzedicilərə göndərilən Robertas sonradan əsas komandaya qaytarıldı.

Poşkus “İnter”in əsas heyətində də meydana çıxsa da, məhsuldarlığından əsər-əlamət qalmamışdı və ən əsası, latviyalı həmkarı Girts Karlsonun kölgəsində qaldı. Təsadüfi deyil ki, məhz Karlson finalın əlavə vaxtında meydana çıxaraq, hesabı bərabərləşdirdi, oyun sonrası penaltini də dəqiq yerinə yetirdi. Ancaq Robertasın hələ klubla 2 illik müqaviləsinin olması problemdir. Çünki transferə çıxarılarsa belə, anlaşmaya görə ona böyük məbləğ ödəməlidir ki, bu da “İnter”ə sərf etmir.

Qeyd edək ki, Poşkus ötən mövsüm kubokla birgə 32 oyunda 5 qol vurdu.