“Yığmanıza nə qədər qol lazımdırsa, vuracağıq”
27.05.2011 - 16:11
“Yığmanıza nə qədər qol lazımdırsa,  vuracağıq”
Qazaxıstan milli komandasının hücumçusu Sergey Ostapenkonun apasport.az saytına eksklüziv müsahibəsi

- Avro-2012-nin seçmə mərhələsində iyunun 3-də Azərbaycanla ev oyunu keçirəcəksiniz. Astanadakı vacib görüşə hazırlıq barədə nə deyə bilərsiniz?
- Bu gün bir araya gəlmişik. İstirahət edirdik, yuxudan yeni oyanmışıq. Bir azdan ilk məşqimiz olacaq.

- Motivasiyanız necədir?
- Oyuna ümumi köklənmə yaxşıdır. Həmişə olduğu kimi, mübariz əhval-ruhiyyədəyik. Azərbaycanla oyunda qələbə uğrunda döyüşəcək, qol vuracağıq.

- Neçə qol vurmağı planlaşdırırsınız?
- (gülür) Nə qədər lazım olsa, o qədər də vuracağıq.

- Məgər Azərbaycan yığmasına qol vurmaq belə asandır?
- Əlbəttə ki, yox. Buna nail olmağa çalışacağıq.

- Ancaq nəzərə alaq ki, bir sıra aparıcı futbolçularınız zədə üzündən heyətdən kənarda qalıb. Bu, sizə problem yaratmayacaq?
- Məncə, yox.

- Cari seçmə mərhələdə uğursuz çıxış edirsiniz. Hələ seçmə mərhələdə 1 qələbəniz belə yoxdur, hətta qol da vura bilməmisiniz. Nəticədə qrupda sonuncu yerdəsiniz. Bu uğursuzluğu nə ilə izah edərdiniz?
- Sadəcə, hadisələrin axarı nəticəsində belə alındı. Haradasa bəxtimiz gətirmədi və xalsız qaldıq.

- Yəni, komandanız sonuncu yerə layiq deyil?
- Heç kim özünü sonuncu yerə layiq bilməz. Klubun, yığmanın heç bir futbolçusu axırıncı pillədə olmaq istəməz.

- Bu, aydındır. Sadəcə, autsayderlər turnir cədvəlinin son pillələrində olur.
- Əlbəttə, kimsə axırda olmalıdır. Bunların hamısını oyunların nəticələri həll edir.

- Azərbaycan yığması haqda hansı informasiyaya maliksiniz?
- Yaxşı komandanız, yaxşı futbolçularınız var. Baş məşqçiniz Berti Foqts da tanınmış mütəxəssisdir. Mən Bakıda olmuşam.

- Bilirik, 2 il öncə “Bakı” klubunun düşərgəsində yer almışdınız...
- Bəli. Amma həmin vaxt keçidim baş tutmadı. Müqavilə şərtlərində razılığa gələ bilmədik. Ancaq “Bakı”, ölkəniz haqda xoş təəssüratlarım qalıb. Bir sıra azərbaycanlı futbolçunun potensialını bilirəm. Onlar səviyyəli futbolçulardır, intizamlı oynayırlar.

- Bəs hansı azərbaycanlı futbolçunun adını çəkə bilərsiniz?
- (fikirləşir) Açığı, xatırlamıram. Sadəcə, adlarını tələffüz edə bilmərəm (gülür).

- Milli komandamızın hansı oyununu görmüsünüz? Hansı güclü və zəif tərəflərini qeyd edə bilərsiniz?
- Komandanız həmişə yaxşı oynayır. Azərbaycan yığması ilə indiyədək bir neçə dəfə görüşmüşük, hamısında yaxşı təsir bağışlayıb. Həm yığmanız, həm də klublarınız çox yaxşı futbol nümayiş etdirir. Bütün futbolçularınız meydanda döyüşürlər.

- Qrupda son pillədə yaxa qurtarmaq istədiyinizdən, millimizlə qarşıdakı görüş sizin üçün xüsusi əhəmiyyət kəsb edir. Bu mənada Azərbaycanla görüşü son şans sayırsınızmı?
- Deməzdim ki, bu, son şansdır. Şans həmişə var, sadəcə, ondan istifadə etmək lazımdır. Əlbəttə, bizə qələbə çox lazımdır.

- Şansları bərabər sayırsınız, yoxsa evdə oynadığınızdan, üstünlüyü özünüzə verirsiniz?
- Əlbəttə, evdə oynamaq həmişə üstünlükdür. Doğma divarlar, azarkeşlər kömək edir. Sadəcə, bunu reallaşdırmaq lazımdır.

- Yığmanızı görüşün favoriti sayırsınız?
- Bunu oyun göstərəcək.

- Hücumçu olduğunuzdan, meydanda əsasən müdafiəçilərimizlə mübarizə aparacaqsınız. Müdafiə xəttimizə başçılıq edən futbolçu həm də millimizin kapitanı, lideridir. Onu tanıyırsınız?
- Adını xatırlamıram, ancaq məncə, mərkəz müdafiəçisidir, 9 nömrə altında çıxış edir.

- Siz dediyiniz müdafiəçi Samir Abasovdur. Mən isə Türkiyə Superliqasında oynamış, hazırda “Qarabağ”da oynayan 14 nömrənin sahibi Rəşad Sadıqovu nəzərdə tuturam...
- Daha çox 9 nömrəni tanıyıram. O, 5, yoxsa 6 il “İnter”də oynayıb. Onunla ünsiyyət qurmuşam. Bizə qarşı oynadığı vaxtdan tanıyıram.

- Abasov Avro-2008-nin seçmə mərhələsində yığmanıza qarşı oynayıb. Ancaq bu dəfə komandaya çağırılmadığından, Qazaxıstanla görüşdə iştirak etməyəcək.
- Biz Azərbaycanla yoldaşlıq görüşləri də keçirmişik və Samiri həmin vaxtdan xatırlayıram.

- Azərbaycan – Qazaxıstan oyunlarında hələ qalib müəyyənləşməyib. Hər 2 görüş 1:1 hesabı ilə nəticələnib.
- Həmin oyunlarda iştirak etmişəm. Nəhayət, bu dəfə qalib gəlməyə çalışacağıq.

- Yəqin ki, hər 2 yığmanı həmin dövrlə müqayisədə güclü sayırsınız...
- Əlbəttə. Bütün komandalar inkişaf edir. Hamı irəli gedir, qalib gəlir. Azərbaycan yığması da bu sıradadır, heç də asan rəqib deyil. Komandanızı təhlil edəcəyik.

- Çexiyalı yeni baş məşqçiniz Miroslav Beranek bununla əlaqədar işə başlayıb? Yığmamız haqda sizə nə deyib?
- Beranek hələ bu haqda bizə heç nə deməyib.

- Almaniyalı Bernd Ştorkdan sonra çexiyalı mütəxəssislə işləməli oldunuz. Bu 2 əcnəbi baş məşqçini necə fərqləndirərdiniz? Beranekin hansı xüsusiyyətlərini qeyd edə bilərsiniz?
- Mən bu suala cavab vermək istəmirəm.

- Bir müddət milli komandanızdan kənarda qalmışdınız. Baş məşqçi ilə aranızda hansısa problem vardı?
- Yox. Sadəcə, zədəli idim.

Mehman SÜLEYMANOV