Nazim Süleymanov: Mən onun ürəyindəkiləri bilmirəm
27.05.2011 - 17:06
Nazim Süleymanov: Mən onun ürəyindəkiləri bilmirəm
“Müdafiəçimiz Elvin Əliyev öz istəyi ilə komandadan gedib. O, bizə yaxınlaşıb, qərarını bildirdi”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının AZAL klubunun baş məşqçisi Nazim Süleymanov deyib.

AZAL-a ötən mövsüm kapitanı olduğu “Bakı” klubundan gələn Elvin Əliyev əsas heyətdə çıxış edirdi. Müdafiənin sağ cinahında oynayan 27 yaşlı futbolçu bir ara zədə üzündən kənarda qaldı.

Süleymanov Əliyevin klubla hələ 1 illik müqaviləsi olduğundan, transfer hüquqlarının onlara məxsus olduğunu bildirib: “Elvin komandamızda çıxışını davam etdirmək istəmədiyindən, onu transferə çıxarmalı olduq. Futbolçu ilə aramızda problem yoxdur. Mən onun ürəyindəkiləri bilmirəm. Məncə, Əliyevi maddi cəhətdən qane etməyib. Yəqin ki, başqa klublar daha çox pul verirlər və bu, normaldır. Düzdür, əsas heyətimizin bir sıra futbolçuları komandadan gedib. Biz bu boşluqları doldurmağa, indiki heyətimizi qorumağa çalışacağıq. Yeni transferlərlə bağlı iş gedir. Həm yerli futbolçular, həm də legionerlər maraqlanırıq. İyunun 5-də yığışıb, Avroliqaya hazırlığa başlayacağıq”.

Qeyd edək ki, AZAL növbəti mövsümə iyunun 30-da Avroliqada ilk oyunla başlayacaq və rəqibini bundan 10 gün öncə püşkatmada biləcək.

Mehman SÜLEYMANOV